BAKI, 5 yanvar – Sputnik. Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-y istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayonun Bəhlul Səttarzadə küçəsində baş verib.
1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev bıçaqlanıb. Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobilə mindirərək 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin A.Tağıyev avtomobildə qan itirmədən dünyasını dəyişib. Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib. Yaralı Z.Əkbərovun ilkin izahatı alınıb. O bildirib ki, ölən şəxs onu taksi sürücüsü kimi çağırıb. Z.Əkbərov ünvana çatdıqda isə A.Tağıyevin bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını görüb. Xilas etmək istəyərkən o da xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.