BAKI, 5 yanvar – Sputnik. Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən Sputbnik Azərbaycan-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Baş İdarəyə iki nəfər şəxsin sosial şəbəkələr vasitəsi ilə narkotik vasitələrin satışını həyata keçirmələri barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının paytaxtın Nizami rayonunda keçirdikləri tədbir zamanı həmin şəxslər əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakinləri Hüseyn Dadaşov və Ziya Qasımzadə tutulublar. Onların üzərində şəxsi aparılan zaman külli miqdarda - 47,691 qram heroin və 40,063 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Polislər məhsuldar işləyiblər: Doqquz aya 1 ton 74 kiloqram narkotik
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər istintaqa şəxsiyyəti məlum olmayan “Mehdi” adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə ediblər. Daha sonra H.Dadaşov və Z.Qasımzadə narkotik vasitələrin sosial şəbəkələrdə satışını həyata keçiriblər. Həmin şəxslər narkotik vasitələri paytaxtın müxtəlif yerlərinə qoyaraq həmin ünvanın şəklini çəkib onlardan heroin və ya metamfetamin alan şəxslərə göndəriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.