MƏDƏNİYYƏT

Azərbaycanlı müğənni: "Qazanc yeri toy olduğu üçün hamı bəsit musiqilər oxumağa çalışır"

Zamiq Məmmədov: “Keçmişdə bu günə olan planım nə idisə, bu gün də sabaha olan planım odur, yəni mən yorulmadan və həvəsdən düşmədən hələ də uşaqlıq arzularımın ardınca qaçmaqdayam”
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Sputnik Azərbaycan-ın qonağı müğənni Zamiq Məmmədovdur.

- Zamiq bəy, xoş gördük. Haqqınızda geniş məlumatı olmayan oxucularımız üçün bioqrafik məlumatlar verməyinizi xahiş edirəm.

- Sizi də xoş gördük. Mən Məmmədov Zamiq, 1982 ci ildə Rusiyada doğulmuşam. Atam o zaman orada çalışdığı üçün ailəm orada olub. 2 yaşımdan Lənkəran şəhərində böyümüşəm və artıq 17 ildir ki, Bakıda yaşayıram. Uşaq yaşlarımdan mahnı ifa edirəm.  Lənkəranda yaşayanda oranın bütün konsertlərində iştirak edirdim və əsasən, müəllifi olduğum mahnıları ifa edirdim. Səbuhi studiosunda 2 albomum işıq üzü görüb, bəzi mahnılarım radiolarda səslənib, Azərbaycan Dövlət Televiziyasında ifalarım olub. Bəstəkar Nailə Mirməmədlidən vokal dərsləri almışam. Bəstəkar Elçin İmanovdan bir neçə mahnı oxumuşam. Əməkdar Artist Səbinə İlyasova ilə 2011-ci ildə duetimiz olub  və hal hazırda da ruhdan düşmədən yeni mahnılar ifa edib dinləyicilərə təqdim etməyə davam edirəm.

Azərbaycanlı müğənni: "Qazanc yeri toy olduğu üçün hamı bəsit musiqilər oxumağa çalışır"

- Uzun illərdir musiqi sahəsində çalışırsınız. Azərbaycanda müğənni olmağın,  bir müğənni kimi şöhrət və pul qazanmağın çətinlikləri nələrdir?

- Əslində, bu, ikitərəflidir, çünki çox asan yolla müğənni olub şöhrət qazananlar da var, illərdir əziyyət çəkib və sənəti gözəl olub heç kəsin tanımadığı müğənnilər də var. Bu, biraz şans məsələsidir, bəlkə də və qeyd etdiyim o ikinci tərəf üçün çətinlik maddiyyatdır.

- Məlumunuzdur ki, müasir musiqi dünyamızda əksər müğənnilər sənəti maddi qazanca hesablayır. Bu gün müğənnilər üçün gəlir gətirən iki əsas variantlardan biri musiqili meyxanalardır və toy mahnılarıdır. Sizin bildiyiniz elə bi üsul varmı ki, həm ciddi musiqi ilə məşğul olub, həm də qazanc təmin etmək mümkün olsun?

- Mən düşünürəm ki, hazırda bu bir az çətin məsələdir, çünki ciddi musiqilərin dinləyiciləri çox təəssüf ki, azdır. Günümüzdə də əsas gəlir yeri toy olduğu üçün hamı bəsit musiqilər ifa etməyə çalışır. Ciddi musiqidən də qazananlar var təbii ki, amma çox azdır.

- Ən böyük şöhrətə qovuşan ifanız “Ninnə yarım” mahnısı oldu. Mahnı Türkiyədə də geniş dinləyici auditoriyası qazandı. Amma bir az başıbəlalı oldu. Bir erməni müğənni eyni aranjemanla mahnını “Alla yar” adı ilə oxudu. Bu barədə demək istədikləriniz varmı?

- Bəli. Təəssüf ki, hələ də mahnı hardasa paylaşıldığı zaman şərhlərdə bəziləri bunun erməni mahnısı olduğunu iddia edir. Mən anlamıram, niyə özümüz öz mahnımızı ermənilərin adına yazırıq? Halbuki, erməni özü mahnının altında Nərminə Məmmədovanın adını qeyd edib və cover olduğunu yazıb.

- Mahnını oxumağında bir problem yoxdur, əslində. Mahnı onsuz da Kərkük xalq mahnısıdır və dünyanın əksər dillərində oxunulub. Amma aranjemanın tamamilə eyni olması müəlliflik hüquqlarına ziddir. Bununla bağlı şikayət etmə haqqınız var. Fikriniz nədir?

- Əslində, əksi bir neçə dəfə olub. Türk “Youtube” kanlında bir neçə dəfə paylaşılmışdı mənim ifamda və hərəsində 2-3 milyon baxış var idi. Sonradan o videoların silindiyini gördüm. Yəqin  onlar şikayət ediblər.

- Zamiq bəy, ifalarınızla yanaşı həm də bəstələriniz var. Bəstələrinizi başqa müğənnilərə təklif etmisinizmi? Və ya etmək istərdinizmi?

- Müəllifi olduğum mahnılarımı heç kəsə verməyə ürəyim gəlməyib. Niyəsə... Amma bu yaxınlarda, təsadüfən, “Youtube”da sözü və musiqisi mənə aid olan bir mahnımın başqa bir müğənni tərəfindən oxunduğunu gördüm və sözlərlə musiqi müəllifi kimi başqa adamın adı yazılmışdı. Dərhal əlaqə nömrəsini tapdım, zəng etdim o adama. O adam yanlışlıq olduğunu dedi və səhvlərini düzəltdilər, adımı qeyd etdilər. Düzünü desəm, mahnımı başqa ifaçının səsindən eşitmək xoş idi. Mən təklif etməyəcəm, amma mənə təklif olsa, gözəl səsi olan müğənnilərdən, qəbul edərəm yəqin.

- Ümumiyyətlə, bu gün Azərbaycanda musiqi sahəsində müəlliflik hüquqları, qiymət tənzimləmələri, efir və reklam məsələlərində hansı problemlər var?

- Düşünürəm ki, artıq mahnıların qorunması ilə bağlı məsələlərdə bir az irəliləyiş var. Çünki artıq internet platformalarında tərəfdaş şirkətlər var ki, onlar sənin mahnılarını tam olaraq qoruyurlar. Mahnı “Spotify”, “YouTube” və bir çox platformalarda paylaşılır. Oradan həm gəlir qazanmaq olur, həm də müəllif hüquqların qorunur. Düzdür, gəlirin miqdarı baxışdan asılıdır və bizim mövcud reklam bazarına görə çox azdır. Amma gələcəkdə bunlar da düzələcək deyə, ümid edirəm.

- Müsahibələrinizin birində senzuranın tərəfdarı olduğunu demişdiniz. Sizcə, bu, demokratik normlara, azad yaradıcılıq hüququna zidd deyilmi?

- Əslində, ziddir. Amma mən sırf efirə buraxılan bəzi  mahnılar üçün demişdim bunu.

- Gələcək planlarınız nədir? Anons etməyiniz mümkündürmü?

- Keçmişdə bu günə olan planım nə idisə, bu gün də sabaha olan planım odur, yəni mən yorulmadan və həvəsdən düşmədən hələ də uşaqlıq arzularımın ardınca qaçmaqdayam. Hər şey uğurdan asılıdır deyə, düşünürəm. Yəni, bu il də dayanmadan bir neçə yeni mahnı təqdim etdim, keçən il də etmişdim, gələn il də qismət olsa, çoxlu yeni mahnılar təqdim edəcəyəm dinləyicilərə. Hədəfim və arzum isə böyük dinləyici ordumun olmasıdır.