CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yoldaşını və iki övladını çoxdan itirmiş, dünəndən qalan xörəyi yeməyən 100 yaşlı nənə

"Qida olaraq isə daha çox ağartı məhsullarına üstünlük verir. İndi də səhər ağartı yeyir. Bir də ki, dünənədən qalan xörəyi heç zaman yeməz, bizə də yeməyə qoymaz. Bu da sağlamlığın bir sirridir"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Azərbaycanda yaşlı əhalinin sayı öncəki illərlə müqayisədə artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə,  2018-ci illə müqayisədə cari ildə 70 yaşdan yuxarı olan şəxslərin sayında artım qeydə alınıb, 385 min nəfərdən 401 min nəfərə qalxıb. Eyni zamanda 65-69 yaşlıların sayında da artım qeydə alınıb. Belə ki, ötən il bu yaş qrupunda olanların sayı 262 min, cari ildə isə 277 min olub.

Lakin müəyyən yaş qruplarının sayında azalmalar qeydə alınıb. Belə ki, öncəki illə müqayisədə 0-4 yaşlıların sayı 805 mindən 771 minə, 15-19 yaşlıların sayı 652 mindən 646 minə, 20-24 yaşlıların sayı 799 mindən 760 minə, 25-29 yaşlıların sayı 934 mindən 916 minə, 45-49 yaşlıların sayı 639 mindən 622 minə, 50-54 yaşlıların sayı 649 mindən 648 minə düşüb.

Bir neçə gün öncə, daha dəqiq desək, dekabrın 19-da Bakının, eləcə də Azərbaycanın ən yaşlı sakinlərindən biri olan Sonaxanım Bağırova 100 yaşını qeyd edib. Bu münasibətlə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı da Sonaxanım Bağırovanın evini ziyarət edib.

Yoldaşını və iki övladını çoxdan itirmiş, dünəndən qalan xörəyi yeməyən 100 yaşlı nənə

Sputnik Azərbaycan da Bakının ən yaşlı sakinlərindən biri olan Sonaxanım nənənin evində olaraq onunla görüşüb. Yataqda olan nənə, "gəl səni öpüm, ömrün uzun olsun, xoşbəxt olasan", deyərək bizi salamlayır. Nənənin övladları ilə söhbət əsnasında isə öyrənirik ki, onun 8 övladındna ikisi dünyasını dəyişib. Hazırda 3 qız, 3 oğul övladı var ki, onlardan da ən böyüyü 80 yaşındadır.

İnsan ömrünün elə bir mərhələsi var ki, o anaya, elə bir mərhələsi də var ki, ana ona möhtac olur. Təki, heç biri naxələf çıxmasın. Elə ömrünü övladlarına həsr edən nənə də indi onlara möhtacdır. Artıq özünü idarə edə bilməyən, yataq xəstəsinə çevrilən Sonaxanımı oğulları, qızları yedirdir, ona növbəli şəkildə baxırlar. Onlar bu borcu öz çiyinləri üzərində tək daşıyaraq Sona nənəni nə özünün nəvələrinə, nə də ki, nəticələrinə həvalə edirlər.

Yoldaşını və iki övladını çoxdan itirmiş, dünəndən qalan xörəyi yeməyən 100 yaşlı nənə

Anaya övladdan başqa kim yaxşı baxar ki, deyən Züleyxa xanım sözə başlayır. Sonaxanım Bağırovanın qızı Züleyxa Məmmədova 1946-cı il təvəllüdlüdür. O bizə həm ölənlərdən, həm də qalanlardan danışır. Deyir ki, aralarında yaşca ən böyük olan qardaşları 1937-ci ildə doğulubmuş, sağ olsaydı 82 yaşı olacaqdı. Övladların ən balacası isə 63 yaşındadır: "Atamız 1956-cı ildə rəhmətə gedəndə balaca bacım 6 aylıq olub. Biz tərəfdə həyat yoldaşı ölən qadın ikinci dəfə ailə həyatı qurmadığı üçün anam da yenidən ailə həyatı qurmadı. Beləcə bizi qohum-əqrəbamızın köməkliyi ilə böyütdü. Düzdür, anam özü ali təhsil almamışdı, amma hamımızın əlinə diplom, sənət verib".

Züleyxa xanım deyir ki, uzunömürlülük bir alın yazısıdır, hərənin qisməti bir cür olur. Amma deyəsən, nəsə Sona nənənin gəlin gəldiyi bu evdə bir hikmət var. Yəni, bundan öncə də Züleyxa xanımın nəslində uzunömürlü şəxslər olub. Onlardan biri elə həmsöhbətimizin ata babası olub, 115 il yaşayıb. Züleyxa nənənin özünün övladlarının isə yaşı 50-dən yuxarıdır.

Yaş artdıqca problemlər, xəstəliklər də baş qaldırır. Sonaxanım nənə yaşı ilə əlaqədar olaraq artıq 5 ildir ki, yataq xəstəsidir, gəzə bilmir. Qızının sözlərinə görə, Sonaxanım nənə üçün evə həkim gətirtmək ən müşgül işə çevrilib: "3 nömrəli polikinikadan şikayətim var. Deyirəm ki, həkim göndərin, gəlib anama tibbi yardım göstərsin. Onlar isə deyir ki, həkim sabah gələ bilər. Deyirəm bəs xəstə sabahadək ölməlidir?".

Yoldaşını və iki övladını çoxdan itirmiş, dünəndən qalan xörəyi yeməyən 100 yaşlı nənə

Amma nə hikmətdirsə, uzunömürlülük həm də yaşayış və qidalanma tərzi ilə bağlıdır. Maraqlıdır, bunun sirri nədir: "Anam bu qədər nəvə və nəticəni böyütdüyü üçün hər zaman aktiv həyat tərzi keçirib. Qida olaraq isə daha çox ağartı məhsullarına üstünlük verir. İndi də səhər ağartı yeyir. Bir də ki, dünənədən qalan xörəyi heç zaman yeməz, bizə də yeməyə qoymaz. Bu da sağlamlığın bir sirridir" - Züleyxa nənə deyir.

22 nəvəsi, 44 nəticəsi, 1 kötükcəsi və 1 yadıcası olan Sonaxanım nənə sovet dövründə “Qəhrəman Ana” ordeninə layiq görülüb. O “Sovetski” adlanan bu ərazidə, Süleyman Rəhimov küçəsi 7 nömrəli evdə dünyaya göz açıb, hazırda yaşadığı Şamil Əzizbəyov küçəsi dalan 9, 7 nömrəli evə gəlin köçüb və 84 ildir ki, burada yaşayır. Onların mənzil şəraiti isə çox pisdir. Kiçik otaqlar, qaranlıq küçələr, eləcə də həyət evi sayılsa da, normal həyətin olmaması, evin görünüşcə çox bərbad olması da diqqətimizdən qaçmadı. Azərbaycanın 100 yaşlı nənələrindən biri olan Sonaxanım Bağırovanın mənzil şəraiti çox pis, avadanlıqlarla təminatı isə demək olar ki, sıfır səviyyəsində idi. Bura elə bir yer idi ki, adam ayaq basmağa qorxurdu. 

Epiloq

Sonaxanım nənə nəhayət ki, gəlişimizin məqsədi ilə maraqlanır..

- Qız hardan gəlmişdi, ay Züleyxa?

- İdarədən gəlmişdi, ay ma...

Biz isə onlardan ayrılaraq gecənin bir vaxtında vahimə yaradan küçələrlə yolumuza davam edirik...