Generalın ölümü "Hizbullah"la "İmam Mehdi ordusu"nu hərəkətə gətirdi

"Onun yolunu davam etdirərək generalın qarşısına qoyduğu məqsədlərə çatmaq üçün gecə-gündüz çalışacağıq" - Livan hərəkatının baş katibi Həsən Nəsrullah
Sputnik

BAKI, 3 yanvar — Sputnik. İraqlı şiələrin lideri Müqtəda əs-Sədr tərəfdarlarını İraqın müdafiəsinə hazır olmağa çağırıb.

"Mən İraq milli müqavimət hərəkatına cavabdeh şəxs kimi bütün döyüşçülərə, o cümlədən "İmam Mehdi ordusu"na əmr edirəm ki, İraqı müdafiə etməyə hazır olsunlar", - əs-Sədrin bəyanatında deyilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub. İranın İraqdakı səfiri İrac Məscidinin verdiyi məlumata görə, əməliyyat nəticəsində liderlərlə yanaşı, daha 10 nəfər ölüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Livanda "Hizbullah" tərəfdarları da Bağdadda öldürülən Q.Süleymaninin qarşısına qoyduğu məqsədlərə çatmaq üçün dayanmadan çalışacaqlarını bəyan ediblər.

"Biz onun varisləriyik. Ona görə də onun yolunu davam etdirərək generalın qarşısına qoyduğu məqsədlərə çatmaq üçün gecə-gündüz çalışacağıq. Onun bayrağını bütün meydanlarda və döyüşlərdə qaldıracağıq", - Livan hərəkatının baş katibi Həsən Nəsrullah bəyan edib.

Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini dekabrın 31-də bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İİKK generalının ölümünü "beynəlxalq terrorizm aktı" adlandırıb.

İranın dini lideri ayətullah Əli Xamneyi də ABŞ-ı qisasla hədələyib.