BAKI, 3 yanvar — Sputnik. İraqın keçid hökumətinin başçısı Adil Əbdül-Mehdi Amerikanın Bağdada aviazərbələr endirməsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi bölməsinin rəisi Qasım Süleymaninin həlak olmasını pisləyərək bunun bölgədə Amerika əsgərlərinin mövcudluğu şərtlərini pozduğunu bildirib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aviazərbə nəticəsində Q.Süleymani ilə yanaşı şiə qruplaşmasının komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi və daha 10 nəfər ölüb. Bu barədə məlumatı İranın İraqdakı səfiri İrac Məscidi verib.
"Amerika hökumətinin Süleymani və Mühəndisinin məhvi üçün addımlarını kəskin qınayırıq... İraqdan və digər qardaş ölkələrdən olan komandirlərin bu cür məhvi İraqın suverenliyinin kobud şəkildə pozulmasıdır", - əl-Mehdinin bəyanatında deyilir.
O bildirib ki, ABŞ-ın bu cür fəaliyyəti "regionda dağıdıcı müharibənin qızışdırılmasına yönəlib". Hadisə ilə bağlı mövqeyin müəyyənləşdirilməsi üçün İraqın Baş naziri hökumətin növbədənkənar iclasını çağırıb.
"Bu, Amerika silahlı qüvvələrinin İraqdakı mövcudluğunun kobud surətdə pozulmasıdır: onların rolu iraqlı hərbçilərin təlimi və koalisiyanın tərkibində İŞİD-lə mübarizə ilə məhduddur", - əl-Mehdi deyib.
"Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub.
Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini dekabrın 31-də bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İİKK generalının ölümünü "beynəlxalq terrorizm aktı" adlandırıb.
İranın dini lideri ayətullah Əli Xamneyi də ABŞ-ı qisasla hədələyib.