CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qadının məharəti: Onun da pulu kəndirdən çıxır - FOTO

Kəndirdən pul qazanan Turan Əhmədova Azərbaycanda makrame sənətinin sirrini bilən tək-tük adamlardandır
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Əl işlərindən ibarət sənət nümunələri digər işlərlə müqayisədə daha böyük əziyyət, səy tələb edir. Məhz bu səbəbdən də onların qiyməti digərləri ilə müqayisədə daha yüksək olur. Makrame, yəni xüsusi iplərlə toxuma ən çətin sənət növlərindən biri hesab edilir.

Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti, 26 yaşlı Turan Əhmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənayenin təşkili və idarəedilməsi ixtisasını bitirsə də, artıq bir neçə ildir ki, kəndirlə toxuyaraq pul qazanır. Onun müəllimi isə elə özü olub.

Uzun illərdir dekorasiyaya marağı olan, müxtəlif şənlikləri könüllü olaraq bəzəyən Turan xanım internetdə qarşısına çıxan bir məlumatdan sonra bu sənətlə məşğul olmağa başlayıb: "Makrame böyük həvəs, əziyyət, səbr tələb edir. Azərbaycanda da zamanla bu işlə məşğul olan olub, lakin onlar bu sənətlə davamlı məşğul ola bilməyiblər. Bu boşluqdan istifadə edərək mən kəndirlə müxtəlif əl işləri yaratmağa başladım. Artıq ətrafımdakı insanlarda da bu işə marağın olması mənə böyük motivasiya verdi".

T.Əhmədovanın sözlərinə görə, ona daha çox güzgülərin kənarlarının makrame üsulu ilə bəzədilməsi üçün sifarişlər gəlir: "İlk işi təhvil verdikdən sonra xeyli sifarişlər aldım. Amma etiraf edim ki, bu işin çətinlikləri çoxdur. Çünki bir əl işinin ərsəyə gəlməsi üçün gərək hər şeydən əvvəl kreativ düşüncən olsun".

Bir il ərzində yüzdən çox dekor yaradan T.Əhmədovanın ən böyük ölçüdə olan güzgü işləməsinin diametri 80 sm, divara asılan dekorativ pannolardan isə ən böyüyünün eni 120 sm, uzunluğu 170 sm olub:

"Bir əl işini təxminən bir həftəyə hazırlayıb təhvil verirəm. İşin ölçüsündən asılı olaraq bu müddət az da ola bilər, hətta bir neçə saat çəkə bilər. Adətən, işdən gəldikdən sonra gecəyədək bu işlə məşğul olur, sifarişi tamamlayıram. Bəzən olur ki, işi sona çatdıranda hansısa bir hissədə nöqsana yol verdiyimi görürəm. Bu zaman həmin hissədən başlayaraq yenidən işləyirəm".

Güzgülərlə bağlı sifarişlər qəbul etdikdə güzgünü də özü alır. Buna uyğun olaraq da işin qiyməti müəyyənləşir: "Digər əl işlərindən fərqli olaraq kəndirlə toxumada heç bir alətdən istifadə olunmur, bunu yalnız barmaqla ərsəyə gətirmək mümkündür. İşin keyfiyyətli alınması üçün ancaq pambıqdan olanlara üstünlük verirəm. Bu ipləri də əksər hallarda başqa ölkələrdən gətizdirirəm".

Azərbaycanlı qadının məharəti: Onun da pulu kəndirdən çıxır - FOTO

 Qeyd edək ki, həmsöhbətimizin əl işlərinin qiyməti 20-180 manat arasında dəyişir.