MƏDƏNİYYƏT

Moskva Aygün və Namiqi yenidən bir araya gətirdi

Azərbaycanın məşhur müğənniləri köhnə zamanlarda olduğu kimi bir araya gələrək tanınmış duetlərini oxuyublar
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Azərbaycanın Xalq artisti Aygün Kazımova bir neçə il keçəndən sonra yenidən həmkarı Namiq Qaraçuxurlu ilə Moskva toyunda birgə səhnəyə çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, birgə çıxışın çarxını sosial şəbəkələrdə Aygün Kazımovanın Moskvada yaşayan və həmin məqamı lentə alan fanatlarından biri paylaşıb. Müğənnilər özlərinin məşhur "Dedi-qodu" duetini ifa ediblər.

Pərəstişkarları bu müğənnilərin yenidən bir araya gəlməsini və birlikdə sevimli duet kompozisiyalarını ifa etməsini sevinclə qarşılayıblar.

Aygün Kazımova Azərbaycan pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.

Namiq Qaraçuxurlu Azərbaycanın ən çox sevilən və məşhur meyxana ustalarından biridir. O, müğənnilər Könül Kərimova və Aygün Kazımova ilə duet oxuyandan sonra daha da populyarlaşıb. Hazırda o, solo karyerasını davam etdirir, meyxana və özünün yazdığı mahnıları ifa edir.

Aygünlə Namiq on ilə yaxın birlikdə olublar, sonra isə naməlum səbəblərdən ayrılıblar.