CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda turizm obyektlərinin ətraf mühitə təsiri qiymətləndiriləcək

Üç yüz nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinə münasibətdə bu tələb tətbiq olunacaq.
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi"ndə dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, artıq 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Eyni zamanda 300 nəfərdən çox tutumu olan mövcud turizm və rekreasiya obyektləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər ediləcək.

Həmin obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. O cümlədən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunacaq.

Qeyd edək ki, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair bu tələb "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Turizm haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli qanunda əksini tapıb. Nazirlər Kabineti də qanuna uyğun olaraq "Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi"ndə dəyişiklik edib və artıq müvafiq qaydada 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinə münasibətdə bu tələb tətbiq olunacaq.