BAKI, 29 dekabr — Sputnik. ""ToTok" adlı mesajlaşma proqramı məlumatları Birləşmiş Ərəb Əmirlikləri hökumətinə ötürə bilən casus proqramıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu "New York Times" qəzetinə danışan ABŞ kəşfiyyat rəsmiləri deyiblər.
Qeyd edilir ki, "ToTok" son həftələrdə populyarlıq qazanıb. Lakin istifadəçilərdən bu proqramı dərhal mobil cihazlarından silmək tələb olunub.
"Google" və "Apple" şirkətləri bu proqramı artıq "Google Play"dən və "App Store"dan çıxarıblar və onun mobil cihaza yüklənməsi hazırda mümkün deyil.
"ToTok" proqramının yaradıcıları isə bu iddiaları rədd edirlər. Şirkət həmçinin məsələnin həlli və proqramın yenidən "Google Play" və "App Store"a qaytarılması üçün "Google" və "Apple" rəhbərliyinə videomüraciət edib.