CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həzi Aslanovun yubileyi üç dövlət qurumuna həvalə olundu

Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsində yeni parlaq səhifələr açıb
Sputnik

BAKI, 29 dekabr — Sputnik. 2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi tamam olur.

Bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizə aparılmasında və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri var. 1941–1945-ci illərdə Azərbaycanın altı yüz mindən artıq övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşub, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.

Ölümündən 47 il sonra qiymətini almış qəhrəman

Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsində yeni parlaq səhifələr açıb. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Sərəncam imzalayıb.

Sənəddə deyilir: "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".