Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 28 dekabr - Sputnik. Quba rayonunda yeni il və dünya azərbaycanlılarının həmrəylik bayramı ilə əlaqədar olaraq ucuz yarmarka təşkil edilib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, yarmarkaya 31 icra nümayəndəliyindən 50 tona yaxın ucuz və keyfiyyətli məhsul çıxarılıb.
Yarmarkaya yalnız Quba deyil, ətraf rayonların sakinləri də üz tutublar. Şabran rayon sakini Gülayə Məmmədova yarmarkadan razılıq edib: "Burada digər bazarlardan fərqli olaraq məhsulların qiymətində 15-20 faiz ucuzlaşma gördük. Məsələn, Şabran bazarında 13 manata aldığımız quzu ətini 10-10.50, 11 manata aldığımız mal ətini isə 8-9 manata almaq olar. Bizim bazarda 70-80 qəpiyə satılan almanı yarmarkadan 4 kilosu 1 manata aldıq. Həqiqətən qiymətlərdə yetərincə fərq görmək mümkündür".
Yarmarkada satılan süd və tərəvəz məhsullarının qiymətində də xeyli fərq hiss olunub. Yarmarkaya gələn Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məhsulların keyfiyyəti və qiyməti ilə tanış olub və məhsullara baxış keçirib.
Yarmarka davam edir.