BAKI, 28 dekabr — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımızın dövlət müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı naminə çətin və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri sayəsində müstəqil respublikamızda Azərbaycançılıq ideyasının bərqərar olmasına, xalqın milli özünüdərk və milli mənlik şüurunun daha da güclənməsinə zəmin yarandı, dünya Azərbaycanlılarının həmrəyliyi təmin edildi.
Ulu Öndərin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin nəticəsidir ki, dövlətçiliyimizin siyasi və iqtisadi dayaqları daha da möhkəmlənib və demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə olunub.
Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməklə ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Müasir hərbi quruculuq prosesində uğurlu islahatların şahidi olmaq, yenilikləri əyani şəkildə müşahidə etmək üçün ordu-cəmiyyət əlaqələrinin daha da genişlənməsinə böyük imkanlar yaradılıb. Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Dövlətimizin siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, müdafiə qüdrətinin artırılması istiqamətində qəbul edilən qərarlar, atılan uğurlu addımlar böyük nailiyyətlərin əldə olunmasını təmin edir. Görülən işlər bütün sahələrdə olduğu kimi ordu quruculuğu prosesinə də müsbət təsirini göstərib. Əminliklə deyə bilərik ki, 2019-cu il Azərbaycan Ordusu üçün də uğurlu olub.
Cari il ərzində Azərbaycan Ordusunun qoşun növləri cəlb edilməklə bir neçə genişmiqyaslı təlim, birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib.
Eyni zamanda hazırlıq planına uyğun olaraq tədris ilində 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş və Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub.
Bu il ərzində qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirilib. Hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti, bir yeni hərbi hospital kompleksi, hərbi qulluqçular üçün yaşayış binaları inşa edilib, ümumilikdə 200-dən artıq xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olunub və hazırda bir sıra obyektlərin inşası davam etdirilir.
Sadaladıqlarımız il ərzində hərbi hissələrdə yerinə yetirilən işlərin az bir qismidir və əminliklə deyə bilərəm ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet elan edilmiş ordu quruculuğu prosesi yüksələn templə, davamlı olaraq həyata keçiriləcək, Azərbaycan Ordusu növbəti illərdə də bir çox uğurlara imza atacaqdır.
İnanıram ki, bütün bunlar Sizin Ordumuz qarşısında qoyulan vəzifələrin icrasına məsuliyyətinizi daha da artırır, Vətən qarşısında borcunuzu vicdanla yerinə yetirməyə ruhlandırır. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etməklə Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqsınız.
Bu bayram günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları təbrik edirəm.
Bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətən naminə müqəddəs xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək!"