CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk mafiyasının üzvləri fanatları ilə görüşmək üçün Bakıya gəliblər

Türkiyənin mafiya həyatından bəhs edən populyar seriallarından biri "Eşkiya dünyaya hükümdar olmaz"ın çəkiliş heyəti "Aman reis duymasın" filminin təqdimatı məqsədilə Bakıya gəlib
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Türkiyənin mafiya həyatından bəhs edən populyar seriallarından biri "Eşkiya dünyaya hükümdar olmaz"ın çəkiliş heyəti "Aman reis duymasın" filminin təqdimatı məqsədilə Bakıya gəlib. Qeyd edək ki, "Aman reis duymasın" filmi mafiya həyatından bəhs edən kifayət qədər ciddi serialın qəhrəmanlarının çəkildiyi komediya janrında olan yumoristik daycestdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, onun premyerası Af Media-nın təşkilati dəstəyi ilə Nizami kino mərkəzində olub.

Bakılı pərəstişkarları ilə görüşə "Eşkiya dünyaya hükümdar olmaz" serialının ulduzları - Ozan Akbaba (İlyas), Emir Benderlioğlu (Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Temel Kalkandere və ya Enişte- Haticenin əri), Sevinç Gürsen Akyıldız (Hatice), Sevil Akı Saner (Emine), Tevfik Erman Kutlu (Tekin Kutlu) və Ömer Kurt (Zafer) gəlib.
Ulduzlar əvvəlcə kino mərkəzinin qırmızı xalısında görünüblər və azərbaycanlı jurnalistlərin suallarını cavablandırıblar.

Məlum olub ki, populyar kino ulduzları ilk dəfədir Bakıya gəlirlər və onları bu qədər fanat ordusunun qarşılayacağını heç gözləmirlərmiş.

Aktyorlar qeyd ediblər ki, onlar hələlik şəhəri gəzməyiblər. Onlar təqdimatdan cəmi bir neçə saat əvvəl Bakıya uçublar və Azərbaycan paytaxtının bir neçə görməli yerini ziyarət etməyi planlaşdırırlar.

"Aman reis duymasın" filmi - mafioz qrup üzvlərinin macəralarından bəhs edir. Onlar paroxodda üzərkən qarşıdakı istirahətlə bağlı arzularını dilə gətirirlər və planlar cızırlar. Kiçik kurort şəhərində dayanan mafioz qrup üzvləri burada bəla ilə üzləşirlər. İndi onların yalnız bircə arzusu var - mafiyanın başçısı Hızır Çakırbeyli onların macəralarından xəbər tutmasın.
Bakılı tamaşaçılar filmdən böyük zövq alıblar və aktyorları gözəl oyuna görə alqışlayıblar.