CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənsum İbrahimov: "Mənim bir partiyam var, o da Mədəniyyətdir"

"Mən sözümü səhnədə deyirəm. Mədəniyyətimizə xidmət edirəm. Öz sahəmizdə görəcəyim o qədər layihələr, arzular və görəcək işlər var ki, ona heç vaxt çatmaz. Hər kəs öz yerində vətəninə, xalqına xidmət eləməlidir"
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Azərbaycanın xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov YAP tərəfindən namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. Xanəndənin Sputnik Azərbaycan-a verdiyi açıqlamasına görə, hazırda Türkiyənin paytaxtı Ankarada səfərdədir və bu məlumatın haradan qaynaqlandığından da xəbəri yoxdur: "Bu məlumatın əsası yoxdur, heç belə bir fikrim də olmayıb. Olsaydı, çoxdan namizədliyimi vermişdim. Düşünürəm ki, hazırkı statusum millət vəkilindən heç də aşağı deyil. Mən sözümü səhnədə deyirəm. Mədəniyyətimizə xidmət edirəm. Öz sahəmizdə görəcəyim o qədər layihələr, arzular və görəcək işlər var ki, ona heç vaxt çatmaz. Hər kəs öz yerində vətəninə, xalqına xidmət eləməlidir. Bütün insanlara, məni orada görmək istəyən şəxslərə öz təşəkkürümü bildirirəm. Mən heç bir partiyanın üzvü deyiləm. Mənim bir partiyam var, o da Mədəniyyətdir".

Qeyd edək ki, dünən Yeni Azərbaycan Partiyası 2020-ci ildə keçiriləcək növbədənkənar Parlament seçkilərinə namizədlərin adını açıqlayıb. Bundan bir neçə saat öncə yerli mətbuatda Mənsum İbrahimovun partiya tərəfindən namizədliyinin irəli sürüldüyü xəbəri yayılmışdı.