MƏDƏNİYYƏT

Azərbaycanlı oxucular hansı kitabları seçirlər – Şahbaz Xuduoğlu danışır

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu deyir ki, populyar elmi-pulisitik üslubda yazılmış kitablar da oxucular tərəfindən maraqla qarşılanıb
Sputnik

“Artıq başa çatmaqda olan 2019-cu ildə oxucular əsasən fərdi inkişaf və detektiv janrında yazılmış kitabları almağa üstünlük veriblər”. Bunu Sputnik Azərbaycan-a açıqlmasında “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu deyib.

“Populyar elmi-publisistik üslubda yazılmış kitablar da oxucular tərəfindən maraqla qarşılanıb. Belə kitablar ən yaxşı satılanlar siyahısındadır. Bu il əvvəlki dövrlərdən fərqli olaraq elmi-populyar ədəbiyyat önə keçdi. Oxucularımızın sırasında gənclər birinciliyini qoruyurlar”, – deyə o bildirib.

Qeyd edək ki, Bakı Kitab Mərkəzi bu ilin ən çox satılan yerli və xarici kitabların siyahısını açıqlayıb. Siyahıda yerli ədəbiyyatdan Nəsimin “Qəzəllər”, Ramiz Rövşənin “Sevgi açarı”, Elxan Elatlının “Eksperiment”, Nizami Gəncəvinin “Xəmsə”si və Çingiz Abdullayevin “Mavi mələk” kitabları ilk beşlikdə yer alıb. Xarici ədəbiyyat siyahısında isə Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Xalid Hüseynin “Çərpələng uçuran”, Corc Oruelin “1984”, Stefan Sveyqin “Şahmat” və Yuval Noah Hararinin “Sapiens: Bəşəriyyətin Qısa Tarixi” kitabları ən çox satılanlar olub.

Şahbaz Xuduoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz