RUSİYA

Avropa Rusiyaya görə ABŞ-a qarşı çıxdı – Böhran dərinləşir

ABŞ Prezidenti Donald Tramp dekabrın 20-də "Şimal axını-2" və "Türk axını" qaz boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan müdafiə büdcəsini imzalayıb
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Avropa Komissiyasının yeni sədri Ursula fon der Lyayen ABŞ-ın "Şimal axını -2" qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı sanksiya tətbiq etməsini sərt şəkildə tənqid edib. Bunu Sputnik Azərbaycan "DW"yə istinadən xəbər verir.

Belə ki, rəsmi Brüssel Vaşinqtonun sanksiyalarını "qətiyyətlə rədd" edir. Ursula fon der Lyayenin sözlərinə görə, Avropa şirkətləri qanuni şəkildə layihədə iştirak edir.

Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov "RİA Novosti"yə müsahibəsində bildirib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq "Şimal axını - 2" kəmərinin tikintisi başa çatdırılacaq.

"Əminik ki, həyata keçirilən təzyiqlərə baxmayaraq, "Şimal axını-2" qaz kəmərinin tikintisi başa çatdırılacaq. Avropada əlavə idxal marşrutunun yaradılmasının səmərəliliyini anlayırlar. Lakin çox təəssüf ki, öz enerji təhlükəsizliyi və öz vətəndaşlarının rifahının əleyhinə olsa belə, okeanın o tayında olan kuratorla işləmək istəyən ölkələr var", - deyə Lavrov vurğulayıb.

Rusiyalı nazir, eyni zamanda ABŞ tərəfindən tətbiq olunan sanksiyaların məqsədini də açıqlayıb: "Təbii ki, məqsəd "Şimal axını-2"-nin də gücləndirdiyi Avropanın enerji təhlükəsizliyinin qeydinə qalmaq deyil, Amerikanın sıxılmış qazını Avropa bazarına çıxarmaqdır. Bu addım qeyri-bərabər rəqabətə və enerji sahəsinin siyasiləşdirilməsinə dair nümunədir".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 20-də "Şimal axını-2" və "Türk axını" qaz boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan müdafiə büdcəsini təsdiqləyib.

ABŞ podratçı şirkətlərdən tikintini dərhal dayandırmağı tələb edib. "Şimal axını-2" boru xəttini çəkən "Allseas" işlərini dayandırıb.