CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaş 65-ə çatıbsa... Bu hallarda işdə saxlanıla bilərisiniz

Bu meyarlara orden və medalları ilə təltif edilmə, fəxri adlara layiq görülmə, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Dövlət mükafatı laureatı olma, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə daxildir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. "Dövlət Qulluğu haqqında"qanuna edilən dəyişikliklərdən sonra bir sıra sahələrdə olduğu kimi təhsil sahəsində çalışan müəllimlər üçün də müəyyən yaş məhdudiyyəti qoyulub. Azərbaycanda bir çox dövlət qurumları yaşı 65-ə çatan işçiləri ilə yollarını ayırsa da, təhsil sahəsində istisnalar hələ də qalmaqdadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, bu il İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 943 nəfər daimi əsaslarla işə qəbul olunub. 1662 nəfər isə müddətli müqavilə əsasında işə qəbul edilib. Həmçinin 563 nəfər çalışmanın yaş həddinə çatmış müəllimlə müddətli əmək müqaviləsi bağlanılıb.

Sputnik Azərbaycan yaşlı müəllimlərin işdə saxlanılmasının hansı hallarda mümkün olduğunu araşdırıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, yaşlı müəllimlərin məcburi qaydada işdən uzaqlaşdırılması məktəblərdə müəllim çatışmazlağının yaranmasına səbəb olur. Əsasən rayon və kəndlərdə müəllim sarıdan əziyyət çəkən məktəblərin qarşılaşdığı problemi aradan qaldırmaq üçün Təhsil Nazirliyi mövcud qərara bəzi dəyişikliklər edib. Ehtiyac olacağı təqdirdə yaş həddini aşmış müəllimlərin fəaliyyətlərinə davam etməsini mümkün sayılır: "Əgər həmin məktəbdə pensiyaya göndəriləcək müəllimin fənnindən müəllim çatışmırsa, onda o müəllim işində saxlanıla bilər".

Aqrar Universitetdən unikal şərtlər: dörd ulduzlu yataqxana, hər ay 350 manat təqaüd

Qeyd edək ki, bu gün 65 yaşı tamam olan müəllimlərlə müqavilə əsasında əməkdaşlığını davam etdirən məktəblər az deyil.

Sputnik Azərbaycan-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğusuna verilən cavabda bildirilir ki, Əmək Məcələsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş tələblər çərçivəsində və Təhsil Nazirliyinin 08.05.2018-ci il tarixli, F-346 nömrəli əmrinə müvafiq olaraq, ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər: "Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bu meyarlara Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi daxildir. İdarənin tabeliyindəki müəssisələrdə 01.10.2019-cu il tarixədək olan müddətdə çalışmanın yaş həddinə çatmış 1245 işçidən 563 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib. Tədris ili ərzində çalışmanın yaş həddinə çatmış pedaqoji işçilərin çalışma müddətinin uzadılmasına mövcud qaydalar çərçivəsində tədris-pedaqoji amillər nəzərə alınaraq bir qayda olaraq icazə verilir".

Qeyd edək ki, məktəbdə işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.