CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın yeddi qəsəbəsində dəyişikliklər olacaq

Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçiriləcək
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sənəddə deyilir: "Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 6,0 (altı) milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın".

Sərəncamdan irəli gələn maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə edilib.