MƏDƏNİYYƏT

"The Voice"un azərbaycanlı iştirakçısı qəddarcasına öldürülən günahsızlara mahnı həsr edib

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov bütün dünyada aktual olan kifayət qədər ağır mövzuya - günahsız insanların və uşaqların qəddarcasına qətlə yetirilməsinə mahnı həsr edib
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov "In der Heiligen Nacht" ("Milad gecəsində") mahnısının klipini təqdim edib. Mahnı qəddarcasına qətlə yetirilmiş günahsız insanlara və uşaqlara həsr olunub.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, mahnının sözləri və musiqinin müəllifi özüdür. İsmayılxanov etiraf edib ki, bu ağır mövzuya lirik kompozisiya həsr etmək ideyası onda çoxdan olub və Yeni il ərəfəsində onu həyata keçirmək qərarına gəlib.

"Mahnı günahsız insanların qəddarcasına qətlə yetirildiyi bütün ölkələrə həsr olunub. Mən Yer kürəsindəki hər kəsə sülh və sevgi arzulayıram. Qoy hər bir evdə və hər bir ürəkdə sülh olsun", - deyə İsmayılxanov bildirib.

Seyran İsmayılxanov 2005-ci ildən etibarən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə iştirak edib. Hazırda o, Almaniyanın dünyaca nüfuzlu "The Voice" ("Səs") layihəsinin iştirakçısıdır.