Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 dekabr — Sputnik. İstanbulun əsas turistik bölgələrindən olan Böyük Adanın rəmzlərindən olan faytonlara qoşulan atlarda "at vəbası" kimi bilinən ruam xəstəliyi aşkar olunub. Karantinə alınan bölgədə 81 at artıq tələf edilib. Bu barədə İstanbul Adalar İcra Hakimiyyətindən bildirilib. Hazırda bölgədə digər atların müayinəsi aparılır. Xəstəliyin insanlara keçmə ehtimalı istisna olunmur. Bu səbəbdən xəstə heyvanla birbaşa təmasda olan insanların da müayinədən keçmələri barədə xəbərdarlıq edilib. Qeyd edək ki, Böyük Adada nəqliyyat vasitəsi olaraq yalnız faytonlardan istifadə edilir.
Dövlət Aqrar Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycanda indiyədək atlar arasında taun xəstəliyi qeydə alınmayıb: "Bu, Afrika taunu xəstəliyidir. Amma Azərbaycanda atlar arasında heç vaxt bu xəstəliyə rast gəlinməyib. Xəstəliyin törədiciləri reoviruslar ailəsindən olan RNT-li viruslardır. Xəstəlik iti və yarımiti gedişli virus xəstəliyidir. Ürək-damar və tənəffüs sistemlərinin çatışmazlığı, hərarət və dərialtı toxumanın şişkinliyi ilə səciyyələnir. Törədicinin əsas mənbəyi xəstə heyvanlardır. Afrika taunu ötürücülər vasitəsilə yoluxan xəstəliklərdən olduğu üçün onun baş verməsi və yayılması təbii və klimatik amillərdən çox asılıdır. Xəstəlik ilin isti aylarında nəmli iqlimə malik ərazilərdə baş verir. Uzunmüddətli quru isti havalarda, hətta, stasionar qeyri-sağlam zonalarda xəstəliyin sönməsi qeyd olunur.
Virusun ötürücüləri milçəklərin bəzi növləri sayılır. Xəstəlikdən sağalmış atlarda yalnız xəstəliyi törədən virus növünə qarşı immunitet yaranır. Xəstəliyin dörd gedişi müəyyən olunub. İldırımvari gedişdə inkubasiya müddəti 3-4 gündür. Bədən hərarəti kəskin surətdə 41°C-dək yüksəlir, bir neçə gün belə qalır, sonra əzələ titrəməsi, zəiflik əmələ gəlir, nəbz tezləşir. 5-7 günə heyvan ölür. İti gediş ağciyər formasıdır. Hərarət yüksəlir, tənəffüs çətinləşir, öskürək başlanır, burun və ağız boşluqlarından serozlu maye axır. Az sayda heyvan sağalır. Yarımiti gedişli forma ürək formasıdır. Daha uzun müddətli inkubasiya dövrü 7 günədək olur. Yüksək hərarət 3-4 gün davam edir, baş nahiyəsində şişkinliklər yaranır. Heyvan 10-15 gün içində ürək fəaliyyətinin zəifliyi nəticəsində ölür. Qarışıq formalı gedişdə hər iki formaya xas olan əlamətlərə rast gəlinir. Profilaktikanın əsası qeyri-sağlam ölkələrdən və bölgələrdən daxil olan atlara tam baytar nəzarətinin həyata keçirilməsidir. Qeyri-sağlam zonalarda mono və polivalent vaksinlərdən istifadə etməklə, immunizasiya aparılır".