CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK sədri imza vərəqələri ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirdi

Müsavat Partiyasının Aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədrinin diqqətinə çatdırıb və ondan bu məsələdə Dairə Seçki Komissiyalarına müraciət ünvanlamasını xahiş edib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 dekabr - Sputnik. Müsavat Partiyası namizədlərə imza toplamaq üçün verilən vərəqlərin sayının az olması barədə Mərkəzi Seçki Komissiyasına müraciət edib. Müraciətə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Müsavat Partiyasının Aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədrinin diqqətinə çatdırıb və ondan bu məsələdə Dairə Seçki Komissiyalarına müraciət ünvanlamasını xahiş edib.

O vurğulayıb ki, namizədlərə imza toplamaq üçün hazırda 10 vərəqə verilir: "Dairə seçki komissiyalarından 11-ci vərəqi istəyəndə deyirlər ki, verməyə icazə yoxdur. Əgər mənə vermirlərsə, başqalarına heç verməzlər. Xahiş edirəm ki, bununla bağlı fikrinizi bildirəsiniz”.

MSK sədri Məzahir Pənahov isə öz növbəsində bildirib ki, imza vərəqələrinin verilməsiylə bağlı heç bir məhdudiyyət yoxdur: "Əgər həmin vərəqələr qəsdən sıradan çıxarılmayıbsa, daha çox seçici imzası toplamaq üçün əlavə vərəqələrin verilməsində heç bir problem yoxdur".