Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 25 dekabr — Sputnik. Prezident İlham Əliyev bu günlərdə 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında yaranmış fərqlərdən danışıb: "İki kateqoriya, yəni yaşayış minimumu ilə ehtiyac meyarının həddi arasında fərqin olmaması daha yaxşı olardı. Amma yaşayış minimumu hesablanarkən çalışan şəxslərin rifah göstəriciləri nəzərə alınır. İstehlak səbəti əsasında hesablamalar aparılır. İstehlak səbətində bəzi məhsul xidmət növləri var ki, o, yalnız orta yaşayış səviyyəsinə malik olan şəxslər üçün nəzərdə tutulan mal və xidmət növləridir".
"İndiki halda ehtiyac meyarının həcminin yaşayış minimumuna uyğunlaşdırılması son nəticədə dövlət vəsaitlərinin səmərəli istifadəsinə gətirib çıxarmaqla yanaşı, bu istiqamətdə sui-istifadə hallarının artmasına da səbəb ola bilər", - deyə o əlavə edib.
Ekspert bildirir ki, ünvanlı sosial yardım mexanizmləri insanlar üçün rahatlıq yaratmamalıdır ki, onlar gəlirlərini artırmaq istiqamətində təşəbbüs göstərsinlər: "Dünyanın hər bir ölkəsində bu kimi sosial müdafiə mexanizmləri nisbətən məhdudlaşdırıcı olur və nəticə etibarı ilə müəyyən qədər çətinliyin yaradılması ilə şəxslərin aktiv sahibkarlıqla məşğul olması təşviq edilir".