BAKI, 25 dekabr — Sputnik. Sabah 2019-cu ilin son Günəş tutulması qeydə alınacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O bildirib ki, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayacaq: "Tam tutulma saat 07:37-də olacaq, saat 09:34-də maksimuma çatacaq və saat 10:58-də tam tutulma bitəcək. Proses saat 12:06-da yekunlaşacaq. Günəşin tam tutulması hadisəsini Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda müşahidə etmək mümkün olacaq".
X.Mikayılovun sözlərinə görə, Bakıda isə Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-dək - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq.