CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi marşrutlar üzrə avtobuslar səhərədək işləyəcək

Ehtiyat avtobuslar dekabrın 25-dən yanvarın 2-nə qədər Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində region avtovağzal və avtostansiyalarına təqdim ediləcək
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti DANX bu gündən respublikanın 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edib.

Bu barədə Sputnik Azərbaycan-a DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, ötən il Yeni il bayramı ilə əlaqədar ümumilikdə respublika üzrə 54542 nəfər sərnişin daşınıb: "Paytaxtdan regionlara səfər edənlərin daha çox olması səbəbindən ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Bu ildən gecə reysləri xətlərə əlavə olunduğu və Cocuq Mərcanlı xətti əlavə olaraq üç avtovağzalımızdan hərəkət etdiyi üçün bayram ərəfəsində sıxlığın daha çox olacağı ehtimalı var. Ona görə sərnişinlərimizə tövsiyə edirik ki, biletləri bir neçə gün öncədən kassalardan əldə etsinlər.

Region avtovağzallarından ən çox sıxlığın Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəranda müşahidə ediləcəyi ehtimal olunur. Ehtiyat avtobuslar dekabrın 25-dən yanvarın 2-nə qədər Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində region avtovağzal və avtostansiyalarına təqdim ediləcək".

Həmçinin DANX-dan bildirilib ki, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq: "Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər".