RUSİYA

Azərbaycan Rusiya və Avropa İttifaqının münasibətlərinin yaxşılaşmasını istəyir

Politoloq: "Avropa Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır. Bununla əlaqədar olaraq, Aİ heç bir zaman ABŞ və Rusiya arasında yaranan münaqişəyə daxil olmamalıdır"
Sputnik

BAKI, 25 dekabr — Sputnik, Aleksandra Zuyeva. Azərbaycan Rusiya və Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşmasının tərəfdarıdır. Bunu Sputnik Azərbaycan-a Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov Sputnik.Rəy-in avropalıların əksəriyyətinin Rusiya ilə Aİ arasındakı münasibətlərin yaxşılaşmasını istədikləri barədə rəy sorğusunun nəticəsini şərh edərkən deyib.

Məmmədovun sözlərinə görə, Azərbaycan sivilizasiyalararası, Şərqlə Qərb arasında bağlayıcı bir bənd olan ölkədir. Onun sözlərinə görə, son illər ərzində Azərbaycan həm Rusiya, həm də Aİ ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qura bilib.

Politoloq xatırladıb ki, Bakıda dəfələrlə Rusiya Federasiyası və ABŞ, Rusiya Federasiyası və NATO baş qərargah rəisləri arasında görüşlər keçirilib. Onun fikrincə, bütün bunlar ümumilikdə Azərbaycanın balanslı siyasət yürütdüyünü, eyni zamanda sülhün və münaqişələrin aradan qaldırılmasının tərəfdarı olduğunu göstərir.

Azərbaycan Rusiya və Avropa İttifaqının münasibətlərinin yaxşılaşmasını istəyir

"Mənə elə gəlir ki, Rusiya ilə Aİ arasında münaqişə ilk növbədə ABŞ-a sərf edir", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.

Məmmədovun sözlərinə görə, artıq 19-cu əsrin sonlarından başlayaraq ABŞ-ın xarici siyasət konsepsiyasında məqsədlərə çatmaq və dünyaya, o cümlədən Avropaya hakim olmaq üçün Almaniya ilə Rusiya arasında ittifaqa yol verilməməsi fikri iştirak edib.

Onun fikrincə, bu gün eyni siyasət, eyni strategiya olduğu kimi davam edir. Əsas məqsəd Rusiyanın həm Almaniya, həm də Fransa ilə yaxınlaşmasının qarşısını almaqdır.

"Eyni zamanda, təcrübə göstərir ki, Avropa Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır. Bununla əlaqədar olaraq, Aİ heç bir zaman ABŞ və Rusiya arasında yaranan münaqişəyə daxil olmamalıdır", - politoloq belə hesab edir.

Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, Rusiya Avropa İttifaqı ilə qonşudur və tərəflər iqtisadi əməkdaşlıqdakı göstəriciləri xeyli yaxşılaşdıra bilərlər. Çünki Rusiya Aİ-nin aparıcı ölkələrinin vacib enerji tərəfdaşıdır.

"SSRİ dağılandan sonra Avropanın genişlənməsi ABŞ-ın strateji konsepsiyasına daxil idi. 1996-97-ci illərdə tərəflər arasında əldə edilən şifahi razılaşmaları birinci ABŞ pozdu. 2000-ci illərdə həm NATO-nun, həm də Aİ-nin Rusiya sərhədlərinə doğru genişləndiyi müşahidə edildi", - deyə politoloq bildirib.

NATO-nun Baş katibi Putinlə görüşmək istəyir

Məmmədov xatırladıb ki, Zbiqnev Bjezinski hələ o vaxtlar özünün "Böyük Şahmat Taxtası" kitabında yazırdı: "Rusiyaya hakim olmaq üçün Ukraynanı və Rusiya Federasiyası ilə həmsərhəd olan digər ölkələri əlimizə almalıyıq".

"Yəni başa düşməliyik ki, bütün bu müddət ərzində Moskva yalnız ABŞ-ın addımlarına cavab verib. Bu gün ictimai rəy sorğularının nəticələri də, Avropadakı bir çox siyasətçinin açıqlamaları da göstərir ki, onlar Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdırlar", - politoloq əlavə edib.

Sputnik Azərbaycan-ın həmsöhbəti sonda təəssüflə bildirib ki, bu gün avropalı siyasətçilər, dünyanın əksər digər ölkələri kimi Avropa ölkələri də ABŞ-dan çox asılıdırlar.

"Birləşmiş Ştatlar bu gün dünyada hər kəsə məqsədlərinə çatmaq üçün təzyiq göstərən dünyanın əsas iqtisadi, siyasi və hərbi oyunçusudur", - Məmmədov əlavə edib.