CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Velosipedçilər və mopedçilər nəzarətə götürüldü

Velosiped və moped sürücülərinə qanunla yerinə yetirməli olduqları vəzifələr bir daha xatırladılmış və onlara yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanılıb
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Yol polisi əməkdaşları velosipedçiləri və mopedçiləri nəzarətə götürür. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub.

Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində velosiped və moped idarə edən şəxslərlə maarifləndirici söhbət apararaq onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı, idarə etməyə mane olan yük daşımamağı, təhlükəsizlik dəbilqəsindən istifadə etməyi, hərəkətdə olarkən telefonla danışmamağı və günün qaranlıq vaxtı işıqqaytarıcı elementlərdən istifadə olunmasını da tövsiyə ediblər.

Velosiped və moped sürücülərinə qanunla yerinə yetirməli olduqları vəzifələr bir daha xatırladılıb və onlara yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanılıb.

Bu qəbildən olan profilaktik tədbirlər hazırda ölkəmizin digər regionlarında da davam etdirilir.