ELM

Mühüm yenilik gəldi – Rezidenturaya qəbulla bağlı bir sıra dəyişikliklər olacaq

Natiq Əliyev deyir ki, növbəti illərdə rezidenturaya qəbul olmaq üçün tələb olunan balın artırılması məsələsinə baxılacaq
Sputnik

BAKI, 24 dekabr — Sputnik. "Əvvəllər rezidenturaya baza imtahanı mart-aprel aylarında, ixtisas imtahanı isə iyul ayından sonra keçirilirdi. Bu prosesin davamı olaraq bu il Dövlət İmtahan Mərkəzindən təklif verilib ki, baza fənləri üzrə imtahanlar daha tez verilsin".

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında mərkəzin Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndiriləcək: "İmtahandan "məqbul" alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. 4-cü kursda qeyri-məqbul alanlar növbəti kursda yenidən baza imtahanı verə biləcəklər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr (4-cü, 5-ci, 6-cı kurs tələbələri və əvvəlki illərin məzunları) də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar".

TQDK rezidenturaya hazırlaşanlar üçün online sınaq imtahanı keçirir

N.Əliyev qeyd edib ki, bundan əlavə, ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar: "Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərinin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq". Natiq Əliyev bildirib ki, artıq 2020-2021-ci il üçün qəbul qaydalarında dəyişikliklər öz əksini tapacaq: "Növbəti illərdə rezidenturaya qəbul olmaq üçün tələb olunan balın artırılması məsələsinə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsinə əsasən bunun üçün 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək". Onun sözlərinə görə, hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır: "2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu şərt saxlanılacaq. Amma növbəti illərdə balın artırılması məsələsinə baxılacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci il fevralın 4-dəki 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları"nda Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Nazirlər Kabinetinin 2019-cu il dekabrın 20-dəki 488 nömrəli qərarı ilə rezidenturaya qəbul qaydalarında dəyişiklik edilib.