MƏDƏNİYYƏT

"Bu şəhərdə" Rusiyada rus tamaşaçıları da güldürdü

Azərbaycanın əməkdar artistləri Coşqun Rəhimov və Rafael İsgəndərov Ukraynadan sonra Rusiyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər
Sputnik

BAKI, 24 dekabr — Sputnik. "Bu şəhərdə" estrada teatrının aktyorları, Azərbaycanın əməkdar artistləri Coşqun Rəhimov və Rafael İsgəndərov Ukraynadan sonra rusiyalı pərəstişkarları ilə görüşüblər. Sputnik Azərbaycan-ın məlumatına görə, aktyorlar tamaşaçılara yeni yumoristik konsert proqramını təqdim ediblər.

Bakıdakı uğurlu konsertdən sonra aktyorlar müxtəlif ölkələrə konsert verməyə gediblər. Əvvəlcə Ukraynada, sonra isə Yekaterinburqda çıxış ediblər. Gecənin aparıcısı Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov olub.

"Bu şəhərdə" Rusiyada rus tamaşaçıları da güldürdü

"Konsertdə nəinki soydaşlarımız, eləcə də bizim Rusiyaya səfərimizi səbirsizliklə gözləyən rus pərəstişkarlarımız da iştirak edirdi. Biz onlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert proqramını təqdim etdik. Bizim çıxışımızı təşkil etdiklərinə görə, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinə və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatına (AMOR) təşəkkür edirik", - deyə aktyorlar bildirib.

Əməkdar artistlər Rusiyanın digər şəhərlərinə də qastrol səfərlərini davam etdirmək niyyətindədirlər.

"Bu şəhərdə" layihəsi 2000-ci ildə Rusiyanın məşhur yumoristik "Qorodok" (Şəhərcik) verilişinin nümunəsi əsasında yaradılıb. Coşqun Rəhimov və Rafael İsgəndərov bu veriliş vasitəsilə tamaşaçılara müxtəlif gülməli çarxlar təqdim ediblər. Lakin sonralar verilişin yayımı dayandırılıb və müəlliflər estrada teatrı yaratmaq qərarına gəliblər. Onlar il ərzində bir neçə dəfə Heydər Əliyev Sarayında konsert proqramları ilə çıxış edir və xarici ölkələrə qastrola gedirlər.