Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 dekabr — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) yeni tələbə yataqxanası kompleksində son tamamlama işləri aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, yeni yataqxana Mətbuat Prospektində yerləşir. Yataqxana BDU-nun 100 illik yubileyi məqsədilə həyata keçirilən tədbirlər planı çərçivəsində inşa olunub. Yasamal rayonu Zahid Xəlilov küçəsi 23 ünvanında yerləşən yeni yataqxana "Tələbə evi" adlanır. 6 mərtəbəli binada hazırda son tamamlama işləri aparılır. Burada çalışan işçilər "Tələbə evi"nin yaxın günlərdə açılışının baş tutacağını bildiriblər.
Sputnik Azərbaycan-a açıqlama verən Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova isə bildirib ki, yataqxana barədə ətraflı məlumat açılış olduqdan sonra veriləcək.
Qeyd edək ki, məlumatlara görə, BDU-nun tələbə şəhərciyinin ümumi sahəsi 32445 kv. metrdir. Tikinti üçün nəzərdə tutulmuş sahə isə 13350 kv. metrdir. 19095 kv. metr ərazidə abadlıq işləri aparılacaq. Yataqxanalarda otaqların sayı 2282, burada yaşayacaq tələbələrin sayı isə 4470 nəfər olacaq. Tələbə şəhərciyi 4 korpusdan ibarət olacaq. Məlumat üçün bildirək ki, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər buradan Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki yeni şəhərciyə köçürülüblər. Şəhərcik ərazisində piyadalar və velosipedçilər üçün yollar olacaq. Yataqxana kompleksində sərgi zalı, tibb məntəqəsi, kitabxana, mağaza, 200-400 nəfərlik iclas zalları, bərbərxana, fitnes zalları, İnternet-kafe, 2 mərtəbəli yeməkxana olacaq.