CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spirtlə işləyən dron rekord vurdu

Alimlərin sözlərinə görə, spirtlə uçan drondan axtarış-xilasetmə əməliyyatlarında,  aerofotoçəkilişlərdə, elmi və hərbi məqsədlər üçün istifadə etmək olar
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Çin alimləri eksperimental FY-36 dronunun sınağını keçiriblər. Metanolla işləyən yanacaq sisteminə malik aparat havada 12 saat qala bilib.

Sputnik Azərbaycan bildirir ki, bu göstəricini "South China Morning Post" rekord adlandırıb.

Pilotsuz uçan aparatı Tyanszində yerləşən "Feye UAV Technology", Dalyan Fiziki Kimya İnstitutu və Çin ELmlər Akademiyası birgə işləyib hazırlayıblar. 15 kq çəkiyə malik aparatın 4 çarxı var, metanol əsaslı yanacaqla işləyir, sürəti isə saatda 90 km-ə çatır. Mütəxəssislərin hesablamalarına görə, metanol əsaslı batareya litium-ion akkumulyatoru ilə müqayisədə 70 dəfə çox enerji verə bilir. 

​Ekspertlər bildiriblər ki, spirt adi akkumulyatorla müqayisədə daha mürəkkəb enerji mənbəyidir. Məsələn, aşağı temeperaturlarda kimyəvi enerjinin elektrik enerjisinə keçməsi yavaşıyır. Mütəxəssislər deyiblər ki, yalnız on-on beş uğursuz cəhddən sonra aparatın havada 12 saat qalmasına nail ola biliblər.

FY-36-nın hazırlanmasına rəhbərlik edən Çjan Venyu qeyd edib ki, yeni yanacaq mənbəyi pilotsuz uçuşlar seqmentindəki mövcud vəziyyəti dəyişəcək. Alimlərin sözlərinə görə, spirtlə uçan drondan axtarış-xilasetmə əməliyyatlarında,  aerofotoçəkilişlərdə, elmi və hərbi məqsədlər üçün istifadə etmək olar.