BAKI, 23 dekabr — Sputnik. Gəncədə mağaza sahibi soyğuna məruz qalıb. Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına istinadla xəbər verir ki, Qazax sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, iki nəfər naməlum şəxsin onun mağazasına daxil olaraq dələduzluq yolu ilə 250 manat pulunu mənimsədiyini bildirib.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, Ağstafa rayon sakinləri 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslərdən Hüseyn Nuriyev əvvəlcədən hazırlanan plan əsasında əlində bir neçə qaşıq dəsti ilə mağazaya daxil olub. Müəyyən müddət sonra isə Məzahir Mirzəyev gələrək "tanımadığı" H.Nuriyevin əlindəki qaşıqları qədimi olduğu üçün almaq istədiyini bildirib. Müəyyən "razılaşma"dan sonra o, mağaza satıcısından 250 manat borc alaraq H.Nuriyevə verib, qaşıqları isə mağazada girov qoyaraq geri qayıdacağını bildirib.
Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və bildiriblər ki, rayon ərazisində digər bir mağaza satıcısını da eyni üsulla aldadaraq 150 manat pulunu mənimsəyiblər.
Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.