Qaşıqçı cinayəti ilə bağlı sərt cəza – Cinayətkarlar barədə edam qərarı verildi

Cinayəti törədən qrupa liderlik edən, krallıq Divanının müşaviri Səud əl-Kahtani isə cəzalandırılmayıb və o, sərbəst buraxılıb
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçını qətlə yetirməkdə təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Səudiyyə Ərəbistanında keçirilən məhkəmə zamanı prokuror deyib ki, jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum ediliblər.

Camal Qaşıqçı cinayəti olayında yeni gəlişmə: ABŞ bir ay vaxt verdi

Cinayəti törədən qrupa liderlik edən, krallıq Divanının müşaviri Səud əl-Kahtani isə cəzalandırılmayıb və o, sərbəst buraxılıb.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunurlar: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Hadisədən 18 gün sonra isə Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü açıqlayıb. Rəsmi məlumata əsasən, Camal Qaşıqçı konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb. İndiyə qədər jurnalistin cəsədinin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb.