BAKI, 23 dekabr — Sputnik. Bu gecə Suriyanın paytaxtı Dəməşq raket hücumuna məruz qalıb. Sputnik Azərbaycan yerli "Ikhbariya" telekanalına istinadən xəbər verir ki, ölkənin hava hücumundan müdafiə sistemləri şəhərə edilmiş raket hücumunu dəf edə biliblər.
Məlumata görə, raketlər işğal altındakı Qolan təpələrindən buraxılıb.
RİA Novosti-nin müxbiri xəbər verib ki, yerli vaxtla saat 23:15-də (Bakı vaxtı ilə saat 01:15-də) şəhərdə ən azından iki böyük partlayış səsi eşidilib. Məlumdur ki, zərbələrdən biri Dəməşqdən 20 kilometr cənub-şərqdə yerləşən Akraba kəndini vurub.
İsrail ordusu hələ ki, vəziyyəti şərh etməyib.
Qeyd edək ki, beynəlxalq səviyyədə Suriyanın tərkib hissəsi kimi qəbul edilən Qolan təpələri hazırda İsrailin nəzarəti altındadır. Bu ərazi 1967-ci ildə baş vermiş Altıgünlük müharibədən sonra İsrail tərəfindən işğal edilib. 1981-ci ildə isə İsrail Qolan təpələrini birtərəfli şəkildə ilhaq edib.
İki dövlət arasında münaqişənin əsas səbəbi məhz bu ərazinin işğalıdır. Vaşinqton bu məsələdə Təl-Əvivin tərəfini tutur. Hətta bu ilin martında ABŞ Prezidenti Donald Tramp İsrailinin Qolan təpələri üzərində suverenliyini tanıyan bəyannaməyə imza atıb.
Lakin dünya ölkələrinin böyük bir hissəsi suriyalıların mövqeyini dəstəkləyir. Dekabrın 4-də BMT Baş Assambleyası İsrailinin işğal olunmuş ərazilərdən çıxmasını tələb edən qətnaməni qəbul edib.