SƏHİYYƏ

İllərlə əhəmiyyət vermirlər - xərçəngin əlamətlərini tanıyın

Onkoloji xəstəliklərin ilkin vaxtlarda diaqnostikası hallarında xəstələrin 84 faizi sağala bilir. Ancaq təəssüf ki, ilkin diaqnostika zamanı xəstəliklərin yalnız üçdə birini müəyyən etmək mümkün olur
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Loginov adına Moskva Kliniki Elmi Mərkəzinin baş və boyun şişləri kafedrasının müdiri Liliya Yakovleva baş və boyun nahiyələrində xərçəng əlamətlərini açıqlayıb.

Gecələr tərləmək xərçəngin əlaməti ola bilər

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, həkim daha çox "uzun illər əhəmiyyət verilməyən" şiş və bərk toxumaların, mənşəyi bilinməyən ağrıların əslində qorxulu xəstəliyin xəbərçisi olduğunu deyib. Ağız boşluğunun selikli qişasında və dilin üzərində ağ və ya qırmızı rəngdə şişlərin olması, udma zamanı narahatlıq, eləcə də dişlərin səbəbsiz yerə laxlaması həkimə müraciət edərək müayinə olunmaq üçün ciddi səbəbdir.

Bundan başqa, L.Yakovlevanın sözlərinə görə, piqment ləkələrinin ölçüsünə və rənginə diqqət yetirmək, həmçinin xroniki xəstəlikləri olmayan insanda qəfil kəskin otit, burun tutulması və baş ağrılarının əmələ gəlməsinə də diqqət yetirmək lazımdır. 

Həkim bildirib ki, xəstəlik vaxtında aşkarlanarsa, sağalmaq şansı da artır. Onkoloji xəstəliklərin ilkin vaxtlarda diaqnostikası hallarında xəstələrin 84 faizi sağala bilir. Ancaq təəssüf ki, ilkin diaqnostika zamanı xəstəliklərin yalnız üçdə birini müəyyən etmək mümkün olur.