SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda bələdiyyə seçkisi başa çatdı

Seçkini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfər olub. M.Pənahovun sözlərinə görə, 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Bu səhər 8:00-dan 19:00-dək Azərbaycanda bələdiyyə seçkisi keçirilib.

Sputnik Azərbaycan bildirir ki, respublika üzrə 1606 bələdiyyə üzrə 15156 üzv seçilməsi nəzərdə tutulub. Bələdiyyə seçkisi işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edib.

Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 18-də Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkisinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahovun dekabrın 22-də keçirilən mətbuat konfransında verdiyi məlumata görə, 13 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıblar. Ümumilikdə 41462 nəfər bələdiyyələrə seçilmək üçün mübarizəyə qoşulub.

Bələdiyyə seçkisi Sputnik Azərbaycan-ın obyektivində - FOTO

Seçkini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfər olub. M.Pənahovun sözlərinə görə, 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Qeyd edək ki, saat 10:00-da respublika üzrə seçici fəallığı 423361 olub. Bu da ümumi səsvermə hüququ olan şəxslərin 8,51 faizini təşkil etmişdi.

Saat 12:00-da 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı 18.07 faizə qalxıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun verdiyi məlumata görə, saat 17:00-dək 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı 30.57 faiz olub. O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1520133 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

Azərbaycanda ilk bələdiyyə seçkisi 1999-cu ildə keçirilib. Bələdiyyə üzvlərini ölkəmizdə 5 ildən bir seçirlər. Hazırkı seçki sayca 5-ci bələdiyyə seçkisidir.