CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bələdiyyə seçkisi keçirilir - Reportaj

Azərbaycanda bütün seçki məntəqələrində bələdiyyə seçkilərinə səsvermə davam edir. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41800-dək namizəd qeydiyyata alınıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir. Sputnik Azərbaycan bir neçə seçki məntəqəsində səsvermə prosesini izləyib.

Yasamal rayonu 16 saylı seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Rəşad Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məntəqədə 1319 nəfər seçici qeydiyyatdadır. Onun sözlərinə görə, seçki prosesini müşahidəçilər izləyir: "16 nəfər yerli müşahidəçi seçki məntəqəsi açılandan bələdiyyə seçkilərində səsvermə prosesini izləyir. Hələlik heç bir müşahidəçi səsvermə prosesində neqativ halla rastlaşmayıb. Seçici fəallığı o qədər də pis deyil. Biz gözləyirik ki, günortadan sonra səsvermə prosesində iştirak edənlərin sayı daha da artacaq".

Azərbaycanda bələdiyyə seçkisi keçirilir - Reportaj

Məntəqə sədri bildirib ki, səsvermə prosesini indiyədək iki xarici müşahidəçi də izləyib. Onlar Litvadan olan beynəlxalq müşahidəçilər olub.

Məntəqədə yerli müşahidəçilərdən Türkan Qələndərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, seçki məntəqəsi açılandan səsvermə prosesini müşahidə edir. O, seçki şəffaflığının təmin olunduğunu söyləyib. Bildirib ki, səsvermə prosesinə heç bir kənar müdaxilə qeydə alınmayıb: "Sadəcə seçicilərin aktivliyi bir qədər aşağıdır. Amma günortadan sonra səsvermə prosesində aktivlik olacağını gözləyirik".

Azərbaycanda bələdiyyə seçkisi keçirilir - Reportaj

Yeni Azərbaycan Partiyasının məntəqədəki nümayəndəsi Elçin Qədimov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məntəqə açılandan səsvermə prosesini izləyir: "Seçki prosesi tam şəffaf keçir. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Vətəndaşlar yaxınlaşıb seçki bülletenini götürərək öz istədikləri namizədə səs verirlər. Neqativ hal aşkarlanmayıb. Seçici aktivliyi də normaldır".

Məntəqədə yerli müşahidəçilərdən Firuzə Əliyeva, Nigar Abbasova, Gülnar Axundova, Təranə Quliyeva, Bəxtiyar Nəbiyev, Heydər Səfərov da səsvermə prosesində indiyədək heç bir qanun pozuntusu qeydə almadıqlarını söyləyiblər.

Azərbaycanda bələdiyyə seçkisi keçirilir - Reportaj

AVCİYA-nın məntəqədə səsvermə prosesini izləyən müşahidəçisi Güllü Hacıyeva da səsvermə prosesində neqativ hal aşkarlanmadığını, indiyədək heç bir şikayət daxil olmadığını bildirib.

Daha sonra Sputnik Azərbaycan 16 saylı Yasamal İkinci seçki dairəsinin 8 saylı məntəqəsində seçki prosesini müşahidə edib. Məntəqə sədri Münəvvər Yusifova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məntəqədə 1201 seçici qeydiyyatdadır: "Seçicilər mütəşəkkil qaydada səsvermək üçün məntəqəyə gəlirlər. Səsvermə prosesini 14 nəfər yerli müşahidəçi izləyir”.

Azərbaycanda bələdiyyə seçkisi keçirilir - Reportaj

Məntəqədə müstəqil müşahidəçi Sevil Musayeva bildirib ki, seçkinin təşkilindən razıdır: "Məntəqədə seçici fəallığı hiss olunur. Heç bir təzyiq göstərilmədən istənilən seçici səsvermə prosesində iştirak edir. Bu saata qədər seçicilərə kənar müdaxilə, eləcə də səsvermə prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb".

Qeyd edək ki, Azərbaycanda bütün seçki məntəqələrində bələdiyyə seçkilərinə səsvermə davam edir. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41800-dək namizəd qeydiyyata alınıb. Səsvermə saat 19:00-da yekunlaşacaq.