İDMAN

UEFA-dan ayrı-seçkilik: Türkiyə ilə bağlı qərar açıqlandı

Türkiyə ilə Fransa arasındakı oyunda tribunalarda yaşanan hadisələr də nəzərə alınmaqla Türkiyə Futbol Federasiyası isə 50 min avro məbləğində cərimələnib
Sputnik

BAKI, 21 dekabr — Sputnik. UEFA Türkiyə millisinin futbolçularının Avro-2020-nin seçmə mərhələsinin iki oyununda əsgər salamı verməsi ilə bağlı yekun qərarını açıqlayıb.

Avropanın futbol çempionatı necə yaranıb

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsgər salamı verən futbolçular - Merih Demiral, Umut Meraş, Burak Yılmaz, Mert Günok, Zeki Çelik, Cenk Tosun, Mahmut Tekdemir, Uğurcan Çakır, Yusuf Yazıcı, Hakan Çalhanoğlu, Okay Yokuşlu, Ozan Tufan, Sinan Bolat, Emre Belözoğlu, Deniz Türüç və İrfan Can Kahveciyə qınama cəzası verilib.

Əsgər salamı ilə yanaşı, Türkiyə ilə Fransa arasındakı oyunda tribunalarda yaşanan hadisələr də nəzərə alınmaqla Türkiyə Futbol Federasiyası isə 50 min avro məbləğində cərimələnib.

UEFA Çempionlar Liqasında "Yuventus" "Atletiko" arasında keçirilən oyun zamanı qol vurduqdan sonra komanda yoldaşı Merih Demiralın yanına qaçaraq əsgər salamı verən argentinalı Paulo Dibala haqqında açılan araşdırma da yekunlaşıb. Futbolçuya cəza verilməsinə gərək görülməyib.

Qeyd edək ki, türk futbolçular Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.