Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 dekabr — Sputnik. Bu gündən etibarən Bakı və Abşeronda bayram yarmarkalarına start verilib. Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC mərkəzinin mətbuat katibi Mayis Musayev məlumat verib.
O, bildirib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar Bakı və Abşeronda 10 günlük qış yarmarkası həyata keçiriləcək: "Həmin yarmarkalar Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeronun rayonlarında təşkil edilib. Qış yarmarkalarında kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əhali üçün əyləncəli şou-proqram da nəzərdə tutulub".
M. Musayevin sözlərinə görə, yarmarkaların keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasıdır.