CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Standartlar hazırlanır: Rəqabət də artacaq, beynəlxalq bazara da çıxa biləcəyik

"Müəyyən sahələr üzrə ixtisaslı, beynəlxalq peşə standartlarına cavab verən kadrları xaricdən gətirməyə ehtiyac qalmayacaq. Bir sözlə, işçi qüvvəsinin keyfiyyəti yüksələcək"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Nazirlər Kabineti "Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması" ilə bağlı qərar verilib. Bu komissiyaların tərkibində bir sıra dövlət qurumları da təmsil olunacaq. Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları ümumilikdə 14 sahəni əhatə edəcək. Bəs görəsən, sahə komissiyalar yaradılması məşğulluq sahəsində hansı dəyişikliklərə səbəb olacaq? Sadə vətəndaşların məşğulluğuna hansı müsbət təsir göstərəcək?

Azərbaycanda Türkiyə təcrübəsi tətbiq edilsin: Həm sənət qazanacaq, həm də dövlət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bu komissiyaların yaradılmasının məşğulluq sahəsinə verəcəyi faydalarından danışıb.

R.Abdullayeva deyir ki, sahə komissiyalarının yaradılması ilə bağlı NK-nin qərarı, eyni zamanda peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması, və müddətinin uzadılması qaydaları ilə birgə təsdiq olunub: "Çünki bu iki qərar bir-biri ilə bağlıdır. Bacarıqların inkişafı üzrə sahə komissiyaları peşə standartlarının hazırlanmasına yönləndirilmiş komissiyalardır. Peşə standartı isə peşələrin keyfiyyət parametrlərini özündə əks etdirən standartdır. Bu normativ sənəddə peşə üzrə bilik-bacarıq, səriştələr öz əksini tapacaq. Sənədə bu peşələrə olan, eləcə də bu kvalifikasiyalara, səriştələrə olan tələbat işəgötürən tərəfindən müəyyən olunur. İşəgötürən özü müəyyən edir ki, hansı peşə üzrə ona hansı bacarıqlar lazımdır. Peşə standartlarının hazırlanmasında əsas tərəfdaş, əsas iştirakçı da məhz işəgötürəndir. Bunun üçün də belə sahə komissiyaları yaradılıb".

Müdir müavini bildirir ki, peşə standartlarında iqtisadiyyatın bütün sahələri üzrə peşələrə olan tələblər öz əksini tapacaq. Həmin komissiyalarda isə işəgötürənlər, həmçinin aidiyyəti dövlət qurumları təmsil olunacaq: "Ümumiyyətlə bütün tərəflərin rəyi əsasında peşə standartı müəyyənləşir. Bu sahə komissiyalarında sırf peşə standartları hazırlanacaq, müzakirə və təsdiq olunacaq".

Nazirlik səlahiyyətlisi deyir ki, sahə komissiyalarında iştirak üçün bütün işəgötürənlərə, assosiasiyalara məktublar göndəriləcək: "Onlar öz nümayəndələrini, namizədlərini özləri müəyyən edəcəklər. Amma peşə standartının hazırlanması üçün işəgötürən özü müraciət edəcək. Hansı peşə üzrə ona standart lazımdırsa, o peşə üzrə də standart hazırlanacaq. Bu standart əsasında da sonradan mütəxəssis hazırlığı aparılacaq. Əslində bu peşə standartı təhsil standartına çevriləcək. Bu standartın əsasında təhsil proqramları hazırlanacaq. Hər hansı işəgötürən, dövlət qurumu bu sahə komissiyasına və əmək nazirliyinə müraciət edə bilər. Hansı peşə üzrə ehtiyacı varsa, o peşə üzrə peşə standartı hazırlanacaq".

R.Abdullayevanın sözlərinə görə, peşə standartının hazırlanması üçün işəgötürənlərdən vəsait tələb olunmayacaq. Çünki sahə komissiyaları ictimai əsaslarla fəaliyyət göstərəcək.

Abituriyentlər arasında ən populyar ixtisaslar bəlli olub

R.Abdullayeva deyir ki, artıq 300-dən çox peşə standartı var: "Amma onlar da yenidən işlənəcək, həmçinin minə yaxın peşə üzrə yeni peşə standartı hazırlanacaq. Peşə standartının hazırlanmasında beynəlxalq təcrübədən istifadə ediləcək. Beynəlxalq səviyyədə bütün peşələrə tələb olunan səriştə və bacarıqlar bu standartlarda öz əksini tapacaq. Həmin peşələrə yiyələnənlərin bilik və bacarıqları sertifikatlaşdırılacaq. Sertifikatlar əsasında peşə sahibləri beynəlxalq əmək bazarına çıxa biləcəklər".

O, həmçinin bildirib ki, sahə komissiyalarının yaradılmasının və peşə standartlarının hazırlanmasının ölkə üçün önəmi və rolu çox böyükdür:"Bu, Azərbaycanın işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək bir addımdır. Bununla da müxtəlif sahələr üzrə ixtisaslı və standarta cavab verən işçilər artıq ölkəmizdə hazırlanacaq. Müəyyən sahələr üzrə ixtisaslı, beynəlxalq peşə standartlarına cavab verən kadrları xaricdən gətirməyə ehtiyac qalmayacaq. Bir sözlə, işçi qüvvəsinin keyfiyyəti yüksələcək".

Ekspert kollec təhsilinin keyfiyyəti barədə: əmək bazarının tələblərinə cavab vermir

R.Abdullayevanın sözlərinə görə, bu sənəd Azərbaycanda müəyyən peşələrə yiyələnən şəxslərin beynəlxalq əmək bazarında özünə yer tutmasına imkan yaradacaq.

Qeyd edək ki, bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, mədənçıxarma, emal sənayesində, elektrik enerjisi, qaz, hava, su, buxar təchizatı və tullantıların təmizlənməsi sahələrində, tikinti, nəqliyyat və məişət texnikası vasitələrinin təmiri sahələrində, həmçinin nəqliyyat və logistika, turizm, istirahət və əyləncə sahələrində də yaradılacaq. İctimai iaşə və qida sənayesində, ticarət, biznesin idarə olunması və fərdi xidmətlərin göstərilməsi sahəsində, informasiya-kommunikasiya texnologiyaları və rabitə sahələrində, maliyyə, sığorta və daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, elm, mədəniyyət və incəsənət sahələrində, səhiyyə və sosial xidmətlər sahələrində də bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının yaradılması nəzərdə tutulub. 

"Ölü" ixtisaslar: Yaxud tranzit ölkəyik, amma maşın sürən sürücülərimiz yoxdur
Komissiya iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi qrupdur. Komissiya öz işini kollegiallıq və aşkarlıq prinsipləri əsasında qəbul etdiyi qərarlara uyğun qurur. Komissiyanın katibliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşir. Komissiyanın məqsədi iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirməkdən ibarətdir.