BAKI, 20 dekabr — Sputnik. Uşaq Məcəlləsi layihəsi hazırda aidiyyəti qurumlar tərəfindən verilmiş təkliflər əsasında yenidən işlənilərək təkmilləşdirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilin yekunları ilə bağlı yekun hesabatında məlumat verilib.
Məlumatda qeyd olunur ki, Uşaq Məcəlləsi layihəsi 3-cü dəfə 2019-cu ilin noyabr ayında razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.
Bundan başqa, Milli Uşaq Strategiyası layihəsinin də hazırlandığı da bildirilib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanıb.
Komitənin illik hesabatında qeyd olunub ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə beynəlxalq sənədlərə Azərbaycanın qoşulması istiqamətində tədbirlər görülməkdədir.