İQTİSADİYYAT

Nə toyuq, nə balıq - Qırmızı ətə alternativ yetişdirənlərə kredit vermirlər

"Nə vaxtadək donuz, qoyun, mal əti yeyəcəyik? Nə vaxtadək bu ətləri yeyib ürəyimizdən şikayət edəcəyik? Bu gün yumurtadan çıxan toyuğu 33 gündən sonra bizə yedizdirirlər. Bu, konkret olaraq mutantdır"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda qırmızı ətə tələbat yüksək səviyyədə olsa da, təminat yüz faiz deyil. Ölkəmizdə əhalinin ümumilikdə ətə olan tələbatını tam şəkildə ödəmək üçün alternativ variant kimi balıq, müxtəlif quş ətləri, o cümlədən də toyuq əti təklif olunur. Lakin Azərbaycandan fərqli olaraq bu gün bir çox ölkələrdə bu siyahıda dovşan əti də var. Maraqlıdır, dovşan ətinin istehsalı, istehlakı ilə bağlı durum necədir və bu işlə məşğul olan fermerlərin hansı problemləri var?

İlk olaraq Azərbaycanda ət istehlakı ilə bağlı duruma nəzər yetirək. Kənd təsərrüfatı üzrə ekspert Həsən Quliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda ildə 369 min ton ət istehlak olunur ki, bunun da bir qismi elə xaricdən idxal edilir. O bildirib ki, 2012-2017-cı illər ərzində əhali sayı təqribən 6.1%, ət istehlakı isə təxminən 22.6% artıb. Bu, adambaşına düşən ət istehlakının artdığını göstərir (təqribən 37 kq), lakin yenə də adambaşına düşən ət istehlakı ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) təyin etdiyi standartlardan aşağıdır.

Nə toyuq, nə balıq - Qırmızı ətə alternativ yetişdirənlərə kredit vermirlər

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında dovşançılıq təsərrüfatının verə biləcəyi töhfələrdən danışıb: "Ümumiyyətlə, bizdə ətə ola tələbat birtərəflidir. Əhali əsasən qırmızı ət istehlak edir. Bunun da səbəbi qırmızı ətin zülalla zəngin olmasıdır. Lakin biz zülalla zəngin olan ağ ətlər qrupunun olduğunu unuduruq. Bu siyahıda dovşan ətini xüsusən vurğulamalıyam. Alternativ olaraq dovşan ətinin təklif olunmasında məqsəd qırmızı ətin istehlakı ilə bağlı gərginliyi nisbətən aradan qaldırmaqdır. Əhali yalnız qırmızı ətlə qidalanır, bu ətin də müəyyən qədər ziyanları var. Ürək, qan-damar xəstəliklərində də qırmızı ətin özünəməxsus çəkisi var".

"Lakin dovşan və ağ ətlər qrupuna daxil olan, zülalla zəngin digər heyvanların əti daha faydalı və dietikdir. Belə ət xüsusən də körpələr üçün faydalıdır", - deyə ekspert əlavə edir.

O ilk növbədə əhalinin qidalanma strukturunun zənginləşməsini təklif edir: "Bundan başqa, səmərəlillik baxımından da dovşan əti çox sərfəlidir. Çünki xırdabuynuzlu heyvanın, qoyunun və yaxud da inəyin yetişdirilməsi üçün kifayət qədər xərc tələb olunur.

Təxmini hesablamalar aparsaq, görərik ki, bir qoyunun il ərzində yediyi yemin qiyməti təxminən 280 manatdır. Hələ ki, digər xərcləri buraya daxil etmirəm. Bu qədər xərcin qarşılığında, təbii ki, fermer də onun ətini yüksək qiymətə satmalıdır. Lakin  dovşançılıq bu təsərrüfatdan fərqli olaraq çox intensivdir. Çünki dovşan iki ayda bir dəfə bala verir, hər dəfə də 7-8 baş bala verə bilir.

Artıq bir çox ölkələrdə də evlərin ətrafında dovşan saxlamaq üçün kiçik fermalar yaradılıb. Bunu kiçik biznes kimi də qiymətləndirmək olar. Yəni qazanc əldə etmək istəyən hər bir ailə bu yolla özünə kiçik biznes qura bilər".

"Dovşan elədir ki, adi ağac tullantısı ilə də qidalana bilir. Bununla biz, əlbəttə ki, resurslara da qənaət etmiş olarıq. Biznes baxımından dovşançılıq çox əlverişlidir. Bu, digər ət növləri ilə müqayisədə çox sərfəli olduğu üçün onun satışını da həyata keçirmək, kiçik dovşan fermaları qurmaq mümkündür", - deyə ekspert əlavə edib.

Nə toyuq, nə balıq - Qırmızı ətə alternativ yetişdirənlərə kredit vermirlər

N.Nəsirli təklif edir ki, cins dovşanlardan ibarət fermalar yaradılsın. Mütəxəssis bu işlə məşğul olan şəxslərin digər əsas problemlərindən də söz açıb: "Müasir dovşan fermaları olmadığından, dovşançılıq bir biznes obyekti olaraq görülmədiyindən bu işlə məşğul olan sahibkarlar kredit ala bilmirlər. Çünki bu sahənin prestijinə inam yoxdur".

"Bundan başqa, digər əsas problem dovşançılığın istehlak bazarının formalaşmamasıdır. Bunun da əsas səbəbi guya ki, dovşanın dində haram göstərilməsi ilə əlaqədardır. Əslində, bu haqda heç bir elmi əsas yoxdur. Bu haramdırsa, o zaman din adamları da fikirlərini əsaslandırsınlar", - deyə o əlavə edib.

N.Nəsirlinin sözlərinə görə, hazırda Azərbayanda Bakı, Xaçmaz və Qazax rayonlarında dovşançılıq təsərrüfatı formalaşıb və 300 nəfərdən çox şəxs bu təsərrüfatla məşğuldur: "Ümumilikdə isə bu fermerlərin 15 mindən artıq dovşanı var. Lakin onlar rəsmi olaraq qeydiyyata alınmadıqları üçün bunun uçotunu apara bilmirik. Əsaslı şəkildə araşdırmalar aparsaq, çox ciddi rəqəmlər ortaya çıxa bilər".

O son illərdə bu təsərrüfatın ölkəmizdəki fəaliyyətindən də söz açıb: "Artıq bir neçə ildir ki, dovşançılıq Azərbaycanda bir təsərrüfat kimi fəaliyyətə başlayıb. Bu isə sahəyə marağın olmasının göstəricisidir".

Azərbaycanda  bu işlə məşğul olan fermerlərdən biri, Bəxtiyar Məmmədov 9-10 yaşından dovşan saxlayır. Ona bu maraq isə Bakıda qonşuluqlarında yaşayan ruslardan keçib. O, artıq 5 ildir ki, bu təsərrüfatla məşğuldur. 06:00-dan 22:00-dək fermada olan həmsöhbətimiz belə bir biznesi qurmaqdan ötrü, öz təbiri ilə desək, bir bahalı maşının pulunu xərcləyib.

Nə toyuq, nə balıq - Qırmızı ətə alternativ yetişdirənlərə kredit vermirlər

Artıq zaman onu bu sahədə püxtələşdirdiyi üçün yaratdığı fermada, demək olar ki, bütün işlərin öhdəsindən özü gəlir. O gec də olsa, bu sahə üzrə təhsil alıb, ixtisaslı kadr olmaq istəsə də, arzuları çin olmayıb: “Gəncə Dövlət Aqrar Universitetində təhsil almaq üçün müraciət etdim ki, imtahan verməyim, amma gəlib təhsil alım. Çünki bu yaşdan sonra imtahan verib ali məktəbə qəbul olmaq çətindir. Lakin bu təklifim rədd olundu. Moskvadan isə təhsil almaq üçün mənə dəvət göndərdilər. Orada mən dovşançılıq sahəsində süni mayalanma haqda da öyrənəcəyəm".

Həmsöhbətimizlə təsərrüfatı haqda da danışırıq: “Təsərrüfatım Novxanıda yerləşir. Burada 130 başadək dovşanım var. Bu heyvanlar mütəmadi olaraq tərtib etdiyim qrafik əsasında cütləşir. Cütləşdikdən sonra isə dovşanlar bir aya bala verir. İl ərzində ana dovşan 6 dəfə bala verə bilir. Hər dəfə 7-8 bala vermək gücünə sahibdir".

B.Məmmədov deyir ki, əslində hər ay heyvanı cütləşdirmək mümkün olsa da, onları istismar etməmək üçün bu sayı ildə 6 dəfəyə endirib:

"Fermanın düzgün qurulması, havalandırma və soyutma sisteminin olması çox önəmlidir. Temperatur elə olmalıdır ki, heyvan bala verə bilsin. Bala vermədiyi təqdirdə isə biz geri sayım etmiş oluruq. Onu da qeyd edim ki, biz yayda isti olduğu üçün də heyvanları cütləşdirmirik. Belə istidə heyvan özünə baxa bilmir, qaldı ki, balasına baxa". 

O, tələbatın öncəki illərlə müqayisədə artdığını deyərək mövcud problemlərdən söz açıb: "Ötən illərlə müqayisədə ətin satışı normaldır. Ay ərzində 120 dovşan satıram. Bu isə təxminən 150-200 kiloqrama yaxın satış, bütün xərclər çıxılmaqla 1000 manatdan artıq əlavə qazanc deməkdir. Onun bir ədədi ən azı kilo yarım olur. Topdansatış olduqda kilosunu 8 manatdan satıram. Fərdi satış zamanı isə qiymət 9-10 manat arasında dəyişilir. Problemlərdən danışdıqda isə, onu qeyd edim ki, əsas problemimiz odur ki, bu işi biznes-plan, bizi də fermer kimi qeydə almaq istəmirlər. İstəyərdik ki, işimizi genişləndirmək üçün bizə də biznes kreditləri, subsidiyalar ayrılsın. Çünki bu gün dovşançılıq bütün dünyada rentabelliyinə görə donuzçuluqdan sonra ikincidir".

"Bu ət şəkər, qan-damar, ürək xəstəlikləri olan, allergik reaksiyaları olanlar üçün də tövsiyə olunur. Rusiyada pediatrlar körpələr üçün dovşan ətini tövsiyə edirlər. Lakin bizim pediatrlar körpələr üçün bu cür orqanik qidanı yazmırlar. İstəyərdik ki, bununla bağlı baş pediatrımız da bir rəy versin", - deyə o əlavə edib.

Kiçik sahibkar alıcıları "Instagram" və digər sosial şəbəkələr vasitəsi ilə toplayır. Onların qarşıda duran ilk işlərindən biri də bir neçə satış məntəqələrinin yaradılmasıdır: "Satış üçün böyük marketlərlə danışmışıq, onlar isə bizdən sertifikat tələb edirlər. Sertifikat isə kifayət qədər pul tələb edir. Sertifikat əldə etmək üçün kəsim məntəqələrinin olması da şərtdir".

Nə toyuq, nə balıq - Qırmızı ətə alternativ yetişdirənlərə kredit vermirlər

B.Məmmədov müştəri məmnuniyyətini, satışı artırmaq və yeni alıcılar cəlb etmək üçün başqa təşviqedici addımlar da atır: "Müştərilərin məmnun qalması üçün əti qablaşdırır, ünvana çatdırırıq. Lakin dövlət də bizim kimi şəxslərə biznes krediti ayırsa, işimizi daha da genişləndirərik. Maştağada bir yerim var, istəyərdim ki, orada standartlara uyğun bir ferma yaradım. Biz universal yuvaların üzərində işlədik. Krasnodarda olanda belə yuvalarla bağlı bir araşdırma apardıq. Biz də dəyəri 135 manat olan universal ana yuvaları yaratdıq. Bu yuvaların qapısı bağlandığı üçün heç bir bala itkisi olmur".

Təsərrüfatda heyvanların qohumluq əlaqələrinin olub-olmamasına da ciddi nəzarət edilir: "Fermamızda olan dovşanların qohumluq əlaqələri yoxdur. Bu günlərdə Krasnodardan heyvanlarım gəldi. Onların hamısının birkası, pasportu var. Özüm də heyvanı satanda pasportu, birkası ilə birgə verirəm. Öz fermamda qohumluq əlaqələrinə ciddi nəzarət edirəm. Moskvada Dovşançılıq Akademiyası var. Orada heyvanların geni modifikasiya olunur və yeni xətlər yaradılır. Məqsəd də qohumluq əlaqələrinin qarşısını almaqdır. Çünki heyvandarlıqda qohumluq əlaqələri olarsa, inkişaf yox, geriləmə olacaq. Bu zaman onlarda inkişaf zəif olacaq, çəki yığmayacaq, boy göstəriciləri də aşağı olacaq. Almaniyadan gətirdiyim dovşanın çəkisi 12 kiloqramdır. Bizdə isə dovşanın maksimum çəkisi kilo yarımdır. Onun da üzünə baxanda adamın ürəyi ağrıyır, başı uzun, bədəni qəribədir. Baxırsan ki, dovşanın bir dərisi var, bir sümüyü. Baxın, bu gün mağazalarda 1-2 manata satılan dovşanlar qohumluq əlaqələri nəticəsində bütün göstəricilərini itiriblər".

"Təsərrüfatımda olan dovşanlar GMO yem yemir, orqanik yola qidalanırlar. Amma qeyd edim ki, əsas problemlərimizdən biri də elə yemlə bağlıdır. Artıq Gürcüstanın dovşan yemi istehsal edən bir şirkəti ilə danışmışıq, oradan yemlər alacağıq. Lakin yerli Şəkər Yem Fabriki ilə danışıqlar aparsaq da, onlar bizə yem vermədilər. Bu isə o deməkdir ki, Gürcüstanın ən ucqar bir yerində bizi fermer kimi tanısalar da, ölkəmizdə bizi bu cür tanımırlar. Onlar bizi hətta fermer kimi dəvət edərək istehsalat prosesi ilə də tanış etdilər", - deyə o əlavə edib.

Dovşanları xaricdən almasının səbəbi özünün satdığı heyvanların nə zamansa ona geri satılma ehtimalı ilə bağlıdır. Hazırda Azərbaycanda dovşanın 12 növünün olduğunu deyən fermer bu istiqamətdə yarana biləcək problemləri önləmək üçün görülən işlərdən də danışıb: "Dovşançılıq təsərrüfatı ilə əlaqədar olaraq biz Gəncə Elmi Tədqiqat İnstitutunun Təcrübə Stansiyasını açmışıq. Baytar alimlərimiz seleksiya işlərinin davamiyyətini aparırlar. Onlara təmiz qanlı heyvanlar veririk ki, bizə gələcək üçün damazlıq heyvanlar yetişdirə bilsinlər".

"Nə vaxtadək donuz, qoyun, mal əti yeyəcəyik? Nə vaxtadək bu ətləri yeyib ürəyimizdən şikayət edəcəyik? Bu gün yumurtadan çıxan toyuğu 33 gündən sonra bizə yedizdirirlər. Bu, konkret olaraq mutantdır. Biz mutant yediyimiz üçün xərçəng, ürək xəstəlikləri yaranır. Toyuğun dərisi çox ziyanlı olsa da, biz onu yeyirik. Lakin dovşan heç ayağı dəyən otu da yemir. Onun qidası dəyişən kimi mədəsi pozulur", - deyən həmsöhbətimiz artıq Dovşançılıq Assosiasiyası yaradaraq Kənd Təsərrüfatı Nazirliyinə müraciət ünvanladıqlarını da deyib.

Bəzi ölkələrdə istehlakçıların 62 faizi bu əti tükətməyə üstünlük verir. Bu sırada Almaniya, Çin, İspaniya, Fransanın da adını vurğulamaq olar.

Şimali Amerikada hər il 318 ton, Mərkəzi Amerikada 4,360 ton,  Cənubi Amerikada 327, 849 ton, Qərbi-Cənubi Avropada 339,334 ton, Şərqi Avropada 89, 012 ton, Mərkəzi Asiyada 5,573 ton, Qərbi Asiyada 1,138 ton, Şərqi Asiyada 887, 481 ton, Şimali Afrikada 64, 338 ton, Mərkəzi və Cənubi Afrikada 21 ton dovşan əti istehlak edilir.