Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 20 dekabr — Sputnik. "23 dekabrda Ankaraya səfərimiz var". Bu haqda Sputnik Azərbaycan-a Milli Konservatoriyanın professoru, Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov açıqlama verib.
"Orada bir neçə türk dövlətlərinin musiqiçiləri ilə konsert verəcəyik. Bu cür layihəni dünyanın bir neçə ölkəsində həyata keçirmişik. Bilirsiniz ki, bizim hörmətli rektorumuz, professor Siyavuş Kəriminin Latın Amerikalı musiqiçilərlə layihəsi var. Bir neçə il öncə onlar Azərbaycana dəvət olunmuşdular. Biz həmin musiqiçilərlə bir neçə dəfə konsert vermişik. İki il öncə Argentinanın ölkəmizdəki səfirliyi bizə müraciət etdi. Orada 4 nəfərdən ibarət "Flamenqo" qrupu fəaliyyət göstərir. Onlar bizimlə sintez oxumaq istədiklərini bildirdilər. “Mahur”, “Bayatı-Şiraz” və “Çahargah” muğamlarını seçib onlarla birgə məşq etdik. İki kompozisiya təqdim etdik. Həmçinin 17 ildir ki, biz simfonik muğam ifa edirik. Məsələn, braziliyalılar müşayiət edir, biz oxuyuruq. Yaxud Romanın simfonik orkestrinin müşayiəti ilə "Rast" simfonik muğamını, "Qarabağ" şikəstəsi aratoriyasını ifa etmişəm. Digər konsertlərdə olduğu kimi, Ankarada da mən Əməkdar artist Elçin Həşimov (tar) və Əməkdar artist Elnur Əhmədovla çıxış edəcəyəm", – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, "Qarabağ" qrupu ötən il də Ankarada yadda qalan konsert proqramı ilə çıxış edib. Həmin tədbir Azərbaycan muğamı və Mövlanə səmavi mərasimlərinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin onuncu ildönümünə ithaf olunmuşdu.