İQTİSADİYYAT

Növbəti il fermerləri müsbət yeniliklər gözləyir - Az qaldı

Pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Şəkər çuğunduru və tütün əkilmiş sahənin hər hektarına görə isə fermerə 280 manat subsidiya veriləcək.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. 2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək. Yeni subsidiya mexanizmi kənd təsərrüfatının inkişafını daha da stimullaşdıracaq. Aqrar Subsidiya Şurası əkin, məhsul, toxum subsidiyaları üçün əmsal və kvotaları müəyyənləşdirən zaman ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi amillərinə əsaslanıb. 2020-ci ildən aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. Artıq subsidiyaların verilməsində kağız sənəd dövriyyəsi aradan qalxır. Fermer yeni sistemdə qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaratmalıdır.

“Fermer onu 40 gün yetişdirib, bir il qazancından bəhrələnə bilər”

Yeni subsidiya mexanizmi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a deyib ki, pambıq, tütün və şəkər çuğunduru üçün həm əkin, həm də məhsul subsidiyası veriləcək: "Məqsəd bu məhsulların daha da artımına stimul verməkdir. Digər kənd təsərrüfatı bitkilərinin becərilməsinə görə isə yalnız əkin subsidiyası veriləcək. Əkin subsidiyası fermerlərə bitkilərinin becərilməsi üçün istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə, pestisidlərin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə veriləcək. Məhsul subsidiyası isə tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər kiloqramına görə əkin subsidiyasına əlavə olaraq veriləcək".

"Pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Şəkər çuğunduru və tütün əkilmiş sahənin hər hektarına görə isə fermerə 280 manat subsidiya veriləcək. Bundan başqa, emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya veriləcək" - o bildirib.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli də Sputnik Azərbaycan-a deyib ki, indiyədək bir növ subsidiya var idi, yalnız əkin sahəsinə görə subsidiya verilirdi: "Amma 2020-ci ildən həm əkinə, həm də məhsula görə subsidiya veriləcək. Burada məqsəd keyfiyyəti yüksəltməkdir. 2007-ci ildən əkin sahəsinə görə verilən subsidiyalar öz hədəfinə çatdı. Amma bundan sonrakı dövrdə əsas prioritet keyfiyyət göstəricilərinin yüksəldilməsidir. Ona görə məhsul subsidiyası da veriləcək. Fermerlər arasında rəqabət mühiti formalaşacaq. Əkin sahələrinin ekstensiv üsulla artması bizə lazım deyil. Bizdə intensiv təsərrüfatların qurulmasına ehtiyac var ki, nəticədə məhsuldarlığı artıraq".

Dövlət sifariş vermir, fermer də əkmir

"Hazırda ölkə üzrə təxminən 410 mindən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Fermerlərdən 220 min nəfəri payızlıq əkinləri bəyan ediblər. Əkinlərin bəyan edilməsi bu sistemin tətbiqində mühümdür, çünki subsidiyanın miqdarı əkilmiş məhsul növündən asılı olaraq dəyişir"-deyə o bildirib.

Qeyd edək ki, Aqrar Subsidiya Şurası 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqlayıb. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subsidiyalarının məbləği müəyyən ediləcək. Şura əmsalları hər il nəzərdən keçirəcək.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, EKTİS-in fermerlərə yaratdığı üstünlüklər təkcə aqrar subsidiyaların bu sistem üzərindən verilməsi ilə yekunlaşmır: "Subsidiyaların verilməsi bu mexanizmin yalnız bir hissəsidir. Fermerlər EKTİS vasitəsilə gübrə, sertifikatlı toxum sifariş edə, baytarlıq, fitosanitar xidmətlərdən yararlana, aqrar kredit almaq üçün müraciət edə biləcəklər. Payızlıq əkinlərin bəyan edilməsi prosesi başa çatdıqdan və 2020-ci ilin büdcəsi açıldıqdan sonra subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının "Fermer kartı"na köçürüləcək. Subsidiyaların əvvəlki illərdən fərqli olaraq ilin əvvəlində verilməsi fermerlərə təsərrüfat xərclərini qarşılamaq üçün imkan yaradacaq. Fermer subsidiya vəsaitinin 25 faizini nağdlaşdıra biləcək, 75 faizini isə nağdsız əməliyyatlar vasitəsilə EKTİS üzərində gübrə, toxum, herbisid, pestisid almaq və sair aqrar xidmətlər üçün istifadə edə biləcək. EKTİS-in əsas hədəflərindən biri aqrar sahəyə ayrılan subsidiyaların məhz kənd təsərrüfatı fəaliyyəti üçün istifadə olunmasıdır. Fermer bu vəsaiti məhz aqrar sahəyə yönəltməlidir, 75 faiz vəsaitin nağdsız əməliyyatlara yönləndirilməsinin məqsədi budur".