AVRO-2020 biletlərinin birbaşa satış mərhələsi başladı

Bu gündən etibarən UEFA AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub.
Sputnik

İndi azarkeşlər bilet satışı portalı vasitəsilə A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşmasına biletləri birbaşa ödəniş etməklə əldə edə bilərlər.

Birbaşa satış mərhələsindən öncə 4-18 dekabr tarixlərində bilet satışının lotereya mərhələsi keçirilib. Lotereya mərhələsində iştirak edən və müraciətlərini uğurla tamamlayan bütün azarkeşlər bilet sahibi hesab edilirlər. Onlar 2020-ci il yanvar ayının sonunadək elektron poçt vasitəsi bildiriş alacaqlar və artıq bundan sonra ödənişi həyata keçirib biletləri əldə etmək mümkündür. Bilet satışı yalnız onlayn şəkildə həyata keçirilir. Müraciət edənlər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər.

Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 75 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə, yəni 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

AVRO-2020 biletlərinin birbaşa satış mərhələsi başladı

AVRO-2020

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə gələn ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçiriləcək.

Oyunlara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər.

AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlanacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində, Londonda keçiriləcək final oyununa qədər davam edəcək.

Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels - İsveçrə

17 iyun, saat 20:00
Türkiyə - Uels

21 iyun, saat 20:00
İsveçrə - Türkiyə

4 iyul, saat 20:00
1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

AVRO-2020-nin açılış oyunu da məhz bu arenada keçiriləcək. "Olimpiko"da İtaliya və Türkiyə milliləri qarşılaşacaqlar.