BAKI, 19 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi barədə məqalə yazmaq niyyətində olduğunu bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik böyük mətbuat konfransında "Tarixin təhrif olunması və kommunizmin nasizmə bərabərləşdirilməsi" barədə sualı cavablandırarkən bildirib.
"Mən müharibədən əvvəl baş verən hər şeyi tarixlər üzrə yazmaq niyyətindəyəm. Düzdür, Molotov-Ribbentrop paktı olub, lakin SSRİ nasistlərlə danışıqlara gedən sonuncu ölkə olub. Çünki həmin vaxt onlarla təkbətək qalmışdı", - deyə Putin qeyd edib.
Rusiya lideri eyni zamanda vurğulayıb ki, tarixi sənədləri oxuduğu zaman kimlərin nasistləri dəstəklədiyi, kimlərin isə dəstəkləmədiyi məlum olur: "Digər ölkələrin liderlərindən fərqli olaraq Stalin Hitlerlə görüşləri ilə özünü ləkələməyib".
Qeyd edək ki, Rusiya prezidentinin illik böyük mətbuat konfransı Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilib. Sayca 15-cisi keçirilən böyük mətbuat konfransında iştirak etmək üçün 1895 jurnalist akkreditasiyadan keçib ki, bu da rekordun imza atıldığı ötən illə müqayisədə təxminən 200 nəfər çoxdur.
Putin ilin yekunlarına dair böyük mətbuat konfransı keçirmək praktikasını 2001-ci ildən - ilk prezidentlik müddətindən işə salıb. 2008-ci ildə keçirilən mətbuat konfransı davamlılıq müddətinə görə rekorda imza atıb. Belə ki, həmin vaxt Rusiya prezidenti 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.