CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mətbuat ayaqda qalmaq üçün nə etməlidir - Yeni çağırışlara necə cavab verməliyik

Bu şəraitdə rəqabətə davamlı olmaq üçün mətbuat həqiqi və etibarlı məlumat yaymaq xəttini gücləndirməlirdir.
Sputnik

Azərbaycan mətbuatı böyük bir təhlükə qarşısındadır. Bir çox jurnalist, redaktor və ya KİV rəhbəri hələ bu problemdən xəbərsiz olsa da, yaxın gələcəkdə mütləq onunla rastlaşmalı olacaq. Bu təhlükə reklam və media bazarının azalması, tədricən daralmasına bağlıdır.

Bu gün medianın internetdə salamat qalmaq şansı ilbəil azalır

Azərbaycanın media sahəsində informasiya təhlükəsizliyi hansı vəziyyətdədir

Haradasa 5-7 il öncə hələ yerli telekanallarda "qəzet çapı hələ olacaq ya dayanacaq" mövzusunda polemikalara rast gəlirdik. Qəzet redaktorları hələ də çap mediasının onlayn mediaya davam gətirmək ehtimalından danışırdılar. Artıq bu gün ölkədə demək olar ki, qəzet qalmayıb. Hamı keçib internetə.

Amma bu gün medianın internetdə salamat qalmaq şansı ilbəil azalır. Yəni peşəkar mətbuat tədricən bir uçuruma doğru yuvarlanır. Belə davam etsə, jurnalistika da bir çox sıradan çıxan peşələrin sırasında qərarlaşacaq.

Yaxşı yadımdadır, haradasa 5-6 il öncə BBC-dən bir təlimçi gəlmişdi, iqtisadi mövzuda təlim aparırdı. Bir sözü diqqət cəlb etdi. "Mətbuatın əsas məqsədlərindən biri şirkətlərin reklamını öz platformasında öz auditoriyasına satmaqdır", - deyə bildirdi. Yəni, media bu işi bacarmasa, deməli, ölümə məhkumdur. Qərb mətbuatı üçün bu proses çox da normaldır. Media gəliri necə əldə edə bilər? Ya reklamdan, ya satışdan, ya da sponsordan. Əgər ictimai kanaldırsa, onda insanların ödədiyi məbləğdən. Amma heç BBC-nin özü belə insanların ödədiyi pulla dolana bilmir, daim yeni gəlir yeri axtarışındadır.

Media çox vəsait tələb edən sahədir. Peşəkar fəaliyyəti qurmaq üçün çoxlu vəsait, texniki avadanlıq, peşəkar kadr tələb olunur. Burada xəbəri oxuyan, yoxlayan onlarla redaktor oturur. Televiziyadırsa, pul daha çox lazımdır. Maşını, operatoru, montajçısı, işıq üzrə mütəxəssisi, dizayneri olmalıdır. Siyahının nə əvvəli var, nə də sonu. Vəsait varsa, mətbuat da var.

KİV-in reklam gəlirləri niyə azalıb - media eksperti səbəbləri açıqladı

Potensial müştəriyə çatdırılmalı olan məlumat mətbuatın vasitəsilə reallaşırdı

Ənənəvi medianın tədricən sıradan çıxması jurnalistin işini bir tərəfdən rahatlaşdırsa da, digər tərəfdən ümumi prosesə ciddi ziyan vurub. Əgər əvvəl oxucu, tamaşaçı, bir sözlə, media məhsulun müştərisi ona təklif olunan sıradan seçim etməli olurdusa, artıq internetin mövcudluğu bu birtərəfli oyunun qaydalarına dəyişiklik gətirdi. 20 il öncə insanın reklamdan qaçıb gizlənmək şansı sıfıra bərabər idi. Radio, televiziya, qəzet, jurnal, buklet, kitab, küçə stendləri və istənilən digər platformaların hamısında şirkətlərin reklamına rast gəlirdin, birindən qaçan kimi digəri ilə rastlaşırdın.

10 il öncə Azərbaycanın istənilən böyük şirkəti media və PR strategiyasını məhz mətbuatla iş üzərində qururdu. Reklam da, bəyanat da, xəbər də mətbuata gedirdi. Məhsulun təqdimatına ilk dəvəti mətbuat nümayəndələri alırdı, populyar saytlarda reklam xəbəri yerləşdirmək olduqca baha idi. Yəni, potensial müştəriyə çatdırılmalı olan məlumat mətbuatın vasitəsilə reallaşırdı. İnternetin və sosial medianın inkişafı vəziyyəti tam dəyişdi.

Reklam məlumatı heç kəsdə etibar doğurmur

Bu gün şirkətin potensial müştərisinin artıq reklamdan gizlənmək imkanı yaranıb. Yəni, reklam artıq tam iflasa uğrayıb, reklam məlumatı heç kəsdə etibar doğurmur. Hamı onun qərəzli və həqiqətə uyğun olmadığını dəqiq bilir. Bu baxımdan mətbuat da müştərinin gözündə əhəmiyyətini itirib. Məlumat almaq, nəsə yeni bir nəyisə öyrənmək üçün media yararlıdır, amma müştərini maraqlandıran məlumatda yox. Yəni, kimsə bir təmir işi görmək istəyirsə, informasiya saytındakı bannerə və ya reklam məlumatına maraq göstərməyəcək. Bu şəxs sadəcə axtarışda onu maraqlandıran xəbəri axtaracaq, bu və ya digər insanların fikrinə maraq göstərəcək, forumlara qatılacaq, sosial mediada araşdırma aparacaq. Sonra də qərar verəcək.

KİV-in reklam gəlirləri niyə azalıb - media eksperti səbəbləri açıqladı

Bu gün hətta adi bir soyuducu ustası və ya bərbərin Facebook şəbəkəsində profili var. Orada onun gördüyü işlərlə, insanların münasibəti ilə tanış olmaq olar. Telefonu, vatsapı və digər əhəmiyyətli əlaqə vasitələri də göstərilib. Əgər telekanalda bir aparıcının saç düzümünü qaydaya salan bərbər haqqında 5-10 saniyəlik məlumat verilirsə, bu platformalarda faydalı məlumat həmişə qalmaqdadır. Bərbərin müştərisi də televiziya vasitəsilə yox, məhz sosial mediadakı məlumatla onu axtarıb tapır.

Böyük şirkətlər də internetin və sosial medianın bu üstünlüyünü çoxdan anlayıblar. Artıq media ilə iş tədricən azalmaq tendensiyası üzrə gedir. Şirkətlər özləri və məhsulları barədə faydalı məlumatı birbaşa sosial mediada və şəxsi saytlarında paylaşırlar.

Nə yorucu reklam var, nə də mətbuatla uzun-uzadı danışıq aparmağa ehtiyac duyulur

Yeni bir anlayış da yaranıb - Inbound PR. Yəni bu prosesdə artıq şirkət müştərini nə axtarır, nə ona reklam təklif edir, nə də zənglərlə yorur. Sadəcə, maraqlı auditoriyaya lazım olan kontenti yaradır. Şirkətin həm saytı, həm bloqu, həm də tanınmış sosial media platformalarda səhifələri var. Bu platformalar tam hazır vəziyyətdə qurulub, müştərinin istənilən sualına o dəqiqə cavab verilir. Yeri gəlsə, müştərinin elektron poçtuna daha ətraflı məlumat da yollamaq olar. Bütün kommunikasiya kanalları xidmət göstərməyə hazırdır. Nə yorucu reklam var, nə də mətbuatla uzun-uzadı danışıq aparmağa ehtiyac duyulur.

Maraqlı şirkətlər artıq bu yöndə PR şirkətlərlə də sıx işbirliyi qururlar. Yəni prosesi peşəkar komandaya tapşırıb nəticəni izləyirlər. Bir tərəfdən media sfera və informasiya mühiti genişlənir, digər tərəfdən isə burada peşəkar mətbuatın rolu azalır, imkanları məhdudlaşır. PR şirkətlər və böyük kompaniyalar tədricən mətbuatda çalışan peşəkarları əməkdaşlığa dəvət edirlər. Yerdə qalan mətbuat isə hər gün rəqabət gücünü də itirir.

Rusiyada "fake" xəbərlərin dərc olunmasına görə ilk dəfə media qurum cərimə olunub

Başqa yolumuz da yoxdur, ya da yığışıb getməliyik şirkətlərə

Bəs Azərbaycan mətbuatını gələcəkdə nə kimi perspektiv gözləyir? Bu uçuruma aparan yoldan xilas olmaq olarmı? Dünyada olan hazırkı tendensiyaya görə gələcəkdə mətbuatın sosial media ilə birləşməsi qaçılmazdır. İndiki keçid dövründə birtəhər baş girləmək olsa da, perspektivdə ciddi dəyişikliklərin olacağı gəzlənilir.

Digər tərəfdən mətbuatın bir silahı həmişə var və ondan necə yararlanmağın özü xilas yolu ola bilər. Bu silah da həqiqəti əks etdirən doğru-düzgün məlumatın paylaşılmasıdır. Mətbuat bu gün məhz reklam yaydığına görə müştərinin etibarını itirib. Amma gəlin elə düşünməyək ki, məhsul satan şirkət və ya onun məlumatını yayan PR kompaniya tam həqiqi məlumat yayacaq. Məsələn, bir çox ekspert bir ağızdan bildirir ki, iPhone telefonlarında hər dəfə sistemin yenilənməsi smartfonu çökdürür, işini ağırlaşdırır. Apple şirkəti isə öz platformalarında bunun əksini göstərən məlumat yayır. Əlbəttə heç kəs öz qatığına qara deməz.

Bu şəraitdə rəqabətə davamlı olmaq üçün mətbuat həqiqi və etibarlı məlumat yaymaq xəttini gücləndirməlirdir. Başqa yolumuz da yoxdur, ya da yığışıb getməliyik şirkətlərə.