CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Seçki Komissiyası KİV-lərə müraciət edib

Ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq kütləvi informasiya vasitələrinin adlarını açıqlayıb.

MSK-dan verilən məlumata görə, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- "Azərbaycan" qəzeti;

- "Xalq qəzeti";

- "Bakinski raboçi" qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.