Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunu imzalayıb. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə işsizlikdən sığorta fondu 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb: "Əvvəlki dövrlərdə işsizliyə görə müavinət var idi və işsizlikdən sığorta fondu onu əvəzləşdirib. Burada qaydalar mövcuddur. Vətəndaş işsiz qaldığı halda maksimum 6 ay ərzində müəyyən nisbətdə, yəni ilkin dövrdə əmək haqqının 50 faizi həcmində, sonra əmək haqqının 40 faizi həcmində, daha sonra isə əmək haqqının 30 faizi həcmində işsizlik sığortası təqdim edilir. Burada sığorta məbləği ilə vətəndaşın işdən çıxdığı vaxt aldığı əmək haqqı arasında əlaqə var. Yəni vətəndaş işlədiyi yerdə son 1 ildə yüksək əmək haqqı alıbsa, bu zaman onun aldığı işsizlik sığortası da yüksək olur. Amma şəxs aşağı əmək haqqı ilə çalışıbsa, onun aldığı işsizlik sığortası da aşağı olur".
"Bu vəsait bir nəfər üçün dolanışığı təmin edə bilər. Amma dünya təcrübəsi də göstərir ki, ümumiyyətlə, işsizlik sığortasının yüksək olması, uzun müddətli olması son nəticədə sui-istifadə hallarını artırır, əmək bazarında fəal iştirakçılığa mənfi təsir göstərir. Ona görə də bu kimi sosial müdafiə mexanizmləri qısa müddətli dövr üçün hesablanıb", – deyə o qeyd edib.
Ekspert bildirib ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da işsizlikdən sığorta fondunun funksiyası sadəcə işsiz qalanlara sığorta ödənişini həyata keçirmək deyil: "Burada peşə hazırlığı və əlavə təhsilin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, əmək yarmarkalarının, əmək birjalarının təşkili və s. nəzərdə tutulur. Azərbaycanda özünüməşğulluq tədbirlərinin miqyası genişlənir və 2020-ci ildə 63 milyon manatdan çox vəsaitin bu məqsədə sərf olunacağı gözlənilir və bu da işsizlikdən sığorta fondunun büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir. Özünüməşğulluq tədbirlərində məqsəd uzun müddətli dövrdə daha dayanıqlı əsaslarla vətəndaş üçün məşğulluq imkanının yaradılmasıdır. Bu məqsədlə ayrılan vəsaitlər sürətlə artır. Özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir".
"Gələcəkdə işsizlikdən sığorta fondunun vəsaitlərindən istifadənin təkmilləşdirilməsinə, eyni zamanda sığorta haqlarının ödənilməsində müəyyən edilən nisbətin yeni çağırışlara, tələblərə uyğunlaşdırılmasına da ehtiyac var. Çünki əhalinin xərcləri artır və bu da öz növbəsində müəyyən edilmiş faizlərə düzəlişlərin edilməsi zərurətini formalaşdırır", - deyə o qeyd edib.
Ekspert bildirib ki, işsizlik sığortası almaq üçün əsas şərtlərdən biri şəxsin işsiz olaraq məşğulluq orqanlarında qeydiyyatdan keçməsidir: "Şəxs qeydiyyatdan keçdikdən sonra son 12 aylıq və bəzi hallarda 3 ilik sığorta stajı ilə bağlı məlumatları məşğulluq orqanına təqdim edir və bu zaman proses başlayır və sığorta ödənişi təyin edilir. Eyni zamanda, həmin şəxslərə bir sıra işlər, peşə qabiliyyətinin artırılması üçün təlimlərin keçirilməsi və yaxud da özünüməşğulluq tədbirlərinə cəlb olunması təklif edilir".
Qeyd edək ki, 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş "İşsizlikdən sığorta haqqında" qanuna əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər. Belə ki, dövlət qulluğunda çalışanlar "Dövlət qulluğu haqqında" qanunun 33.1.2-ci və 33.1.3-cü maddələrinə uyğun olaraq, digər hüquqi şəxslərdə çalışanlar isə Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq işdən azad edildikdə və ən azı 3 il sığorta stajına malik olduqda məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər.
Professor Azərbaycanda sığorta sisteminin inkişaf potensialından danışır
Onu da bildirək ki, cari il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilən şəxslərin sayı 10 min 600 nəfərə çatır. Nazirliyin məlumatına görə, onlardan 2345 nəfəri əlilliyi olan şəxslər, 1835 nəfəri məcburi köçkünlər, 479 nəfəri ünvanlı sosial yardım alanlar, 257 nəfəri şəhid ailəsi üzvləri, 133 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad edilənlərdir. Proqram iştitakçılarından böyük əksəriyyəti artıq biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin edilib.