CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aclıq olmasın: nazirlik yeni toxum növləri yaradır

"Kənd təsərrüfatı sahəsində dövlət-özəl sektorlarının əməkdaşlığının ən yaxşı nümunələrindən biri də yeni yaradılan və artıq gələn ildən işə düşəcək aqrar sığorta mexanizmidir"
Sputnik

BAKI, 18 dekabr — Sputnik. "Azərbaycanda yağıntıların qeyri-bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni zəruri edir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda "Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, bu məqsədlə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir:

"Aidiyyəti dövlət orqanları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirir, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən quraqlığa və xəstəliyə davamlı toxum sortlarının əldə edilməsi istiqamətində iş aparılır. Hazırda müasir toxumçuluq müəssisələrinin yaradılması istiqamətində də iş gedir".

İnam Kərimov həmçinin deyib ki, kənd təsərrüfatı sahəsində dövlət-özəl sektorlarının əməkdaşlığının ən yaxşı nümunələrindən biri də yeni yaradılan və artıq gələn ildən işə düşəcək aqrar sığorta mexanizmidir: "Dövlət-özəl formatında yaradılan yeni sistem aqrar sahədə yarana biləcək risklərin dövlət tərəfindən qarşılanmasını təmin edəcək. Gələn ildən, həmçinin subsidiyalar elektron formada veriləcək. Bunun üçün elektron kənd təsərrüfatı sistemi artıq fəaliyyətə başlayıb. Bu sistemdə 420 mindən çox fermer qeydiyyatdan keçib, 240 mindən çox fermer əkin sahələri barədə məlumatları elektron sistemdə bəyan edib. Bu, subsidiyaların verilməsinin daha şəffaf keçirilməsinə şərait yaradacaq. Aqrar sahəyə dövlət dəstək verir və bu proses davam etdirilir".